PDF Oxu

Siyasət

  • 23

Əli Kərimli məhkəmə prosesini siyasiləşdirməyə çalışır

Əli Kərimli məhkəmə prosesini siyasiləşdirməyə çalışır

Taleh Bağırzadəyə və Fuad Qəhrəmanlıya verdiyi dəstək onun Azərbaycanda siyasi sabitliyi pozmağa cəhd edən qüvvələrlə işbirliyində olduğuna işarədir

Məlum olduğu kimi, "Müsəlman Hərəkatı" Birliyi" təşkilatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi gedir. Məhz ötən ilin noyabr ayında T.Bağırzadənin saxlanılması üçün Nardaranda keçirilən əməliyyat zamanı polislə dindarlar arasında silahlı qarşıdurma baş vermişdi və silahlı qarşıdurma zamanı 2-si polis olmaqla, 6 nəfər dünyasını dəyişmişdi. Nardaranda qanlı olayların baş verməsində birbaşa əli olan T.Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ötən gün də məhkəmə prosesi olub. Lakin məhkəmə prosesini siyasiləşdirmək məqsədilə məhkəmə önünə gələn AXCP sədri Ə.Kərimli siyasi şou düzənləməyə və məhkəmə prosesinə təzyiq etməyə çalışıb. Məhkəmə prosesinin qanun çərçivəsində baş tutmasına mane olan Ə.Kərimli prosesi siyasiləşdirmək yolu ilə xarici qüvvələrin diqqətini çəkməyə cəhd göstərir. Əlbəttə ki, Ə.Kərimli, eyni zamanda, Cəmil Həsənli məhkəmə prosesini siyasiləşdirməyə cəhdlər göstərməklə cəmiyyət üçün bəzi qaranlıq məqamların açılmamasına çalışırlar.

İlk növbədə, "Malış"" çalışır ki, beynəlxalq təşkilatların və QHT-lərin diqqətini cəlb etməklə əsas mövzudan diqqət yayındırsın. Əsas mövzu isə ondan ibarətdir ki, Ə.Kərimli hər zaman radikal dini qruplaşmaların maliyyə dəstəyilə siyasi sferada xaosun yaradılması istiqamətində hazırlanmış planların reallaşdırıcısı olub. Hətta dəfələrlə isbatlanıb ki, Ə.Kərimli həm ekstremist dini qrupların fəaliyyətində, həm də narkotranzit əməliyyatlarında dolayısı ilə koordinator rolunu oynayıb. Elə T.Bağırzadəyə siyasi dəstək verməklə, eyni zamanda, nəzarətində olan "Azadlıq"" qəzeti vasitəsilə "Müsəlman Hərəkatı" Birliyi" təşkilatının ekstremist fəaliyyətinə dini don geyindirməklə "donorlar"" qarşısında götürdüyü öhdəliklərdən irəli gəlirdi.

Hətta o da məlumdur ki, bir neçə il öncə Ə.Kərimli radikal dini qrupların nümayəndələri ilə görüş də keçirib. Həmin məxfi görüşü isə Ə.Kərimliyə yaxınlığı ilə seçilən, İranın radikal dini şəhərlərindən birində dini təhsil almış və xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan şəxslərdən biri tərəfindən təşkil olunduğu vurğulanırdı. O zaman görüşdə radikal islamçı qrupların, radikal dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, ekstremist dini hərəkata yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələri iştirak edirdilər. Məhz həmin zamandan başlayaraq, radikal dini qrupların fəaliyyət istiqamətləri AXCP ilə birgə koordinasiya edilirdi. Koordinator isə, əlbəttə ki, Ə.Kərimli idi. Hətta o da qeyd edilməlidir ki, "Milli Şura"nın keçirdiyi piketdə "İŞİD"-in bayrağının qaldrılması AXCP sədri ilə radikal dini qruplaşmalar arasında qurulmuş isti əlaqələrdən xəbər verirdi.

Bir sözlə, göründüyü kimi, bu gün Ə.Kərimlinin "Müsəlman Hərəkatı" Birliyi" təşkilatının sədri T.Bağırzadəyə dəstək verməsi, məhkəmə prosesini siyasiləşdirməyə çalışması onun Azərbaycanda siyasi sabitliyi pozmağa cəhd edən qüvvələrlə və radikal dini qruplaşmalarla işbirliyində olduğuna işarədir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər