YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" təşəbbüs qrupunun Ağcabədi rayon şöbəsinin seçki qərargahının yığıncağı keçirilib.
Yığıncağı YAP Ağcabədi rayon təşkilatının və seçki qərargahının sədri Rövşən Əhmədov açaraq qeyd edib ki, iyul ayının 28-də YAP Ağcabədi rayon təşkilatının konfrans zalında 61 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılmış, onların içərisindən 6 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupunun tərkibinə seçilmişdir.
Rayon təşkilat sədri yığıncağa seçki qərargahının üzvlərini, həmçinin, "Yeni Azərbaycan" təşəbbüs qrupunun qeydə alınması üçün imza toplayacaq YAP fəallarının dəvət olunduğunu bildirib. YAP Mərkəzi Aparatında Ağcabədi rayonuna imza toplamaq üçün imza vərəqələri verildiyini diqqətə çatdırıb. YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri seçki qərargahının sədr müavini Nazim Bünyatov çıxış edərək, imza toplanması qaydaları barədə məlumat verib. Hazırlanmış yaddaş və imza vərəqələrinin doldurulması üçün nümunə formaları imza toplayacaq YAP fəallarına paylanılıb.
yap.org.az