Vergi sahəsində yeni islahatların aparılması istiqamətində Prezident İlham Əliyev Sərəncam imzalayıb
Bu, bir həqiqətdir ki, hər bir ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi siyasəti mühüm rol oynayır. Bu gün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müstəqil siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik olan ölkəyə çevrilib. Məhz bu inkişafın nəticəsidir ki, Azərbyacanda, hər sahədə olduğu kimi, vergi sahəsində də inkişaf yolundadır. Qeyd edək ki, 4 avqust 2016-cı ildə Prezident İlham Əliyev "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" imzaladığı Sərəncam, məhz vergi sahəsində uğurul inkişafdır. İmzalanan Sərəncamda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsini təmin edəcək. Sərəncama əsasən, vergi yoxlamalarının qısa müddətdə başa çatdırılması üzrə inzibatçılıq təkmilləşdiriləcək. Aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakının təmin edilməsi şəffaflıq üçün vacibdir. Nümunəvi vergi ödəyicilərinin fərqləndirilməsi vergi mədəniyyətinin daha da yüksəldilməsinə və vergi bazasının genişlənməsinə zəmin yaradır. Vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsi genişlənəcək, Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan "Outbound Call Centre" (geriyə - müştəriyə zəng xidməti) funksiyası tətbiq olunacaq.
İslahat tədbirlərində nəzərdə tutulur ki, borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi təmin edilsin. Həmçinin, vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formaları təkmilləşdiriləcək. Vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsi təmin olunacaq.
Vergi bazası genişlədirilməlidir
Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, vergi bazası genişləndirilməlidir: "Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha gözəl imkanlar yaradır". Ölkə başçısı vergi və gömrük orqanlarının şəffaf və səmərəli işləməli olduğunu diqqətə çatdırıb: "Vergi və gömrük orqanları şəffaf və səmərəli işləsələr, büdcəyə daha çox vəsait toplaya bilərlər. Belə imkanlar və ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilib ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar". Əhəmiyyət kəsb edən əsas məqamlardan biri də vergi yüküdür ki, bir çox ölkələrlə müqayisədə Azərbaycanda xeyli aşağıdır. Ölkəmizdə 2001-ci ildən etibarən sadələşdirilmiş vergi tətbiq edilmişdir ki, bunda da məqsəd vergi yükünün azaldılmasından, vergi və mühasibat uçotu və hesabatının kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilməsindən ibarətdir. Beləliklə, görünən odur ki, Azərbaycanda vergi sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib və yaxın gələcəkdə kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb edilməsi üçün rəqabətə davamlı vergi rejiminin yaradılması istiqamətində qabaqcıl yerlərdən birini tutacaq.
RƏFİQƏ KAMALQIZI