İlham Əliyev: "Rusiya, İran, Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici faktordur"
Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev yeni formatda təşkil olunan bu toplantının ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu dedi, Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışdı.
İran Prezidenti Həsən Ruhani yüksək qonaqpərvərliyə və bu toplantının keçirilməsindəki roluna görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bu Zirvə görüşünün fikir mübadiləsi aparmaq, ortaq mənafelərin yaranması üçün yaxşı fürsət olduğunu deyən Həsən Ruhani toplantının hər üç ölkənin yaxşı münasibətlərinin mühüm göstəricisi olduğunu vurğuladı. Bildirdi ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və İran qonşu ölkələrlə əməkdaşlığın dərinləşməsində maraqlıdır. İranın Prezidenti Azərbaycan ilə ölkəsi arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu dedi, Rusiya ilə də ikitərəfli əlaqələrdən razılığını bildirdi.
Rusiya Prezidenti Vladimir Putin ölkələrimizin mühüm tərəfdaş olduğunu, aramızda yaxşı münasibətlərin formalaşdığını diqqətə çatdırdı. Hər üç ölkənin dünyanı və regionu narahat edən məsələlərin həllində mühüm rol oynadığını deyən Vladimir Putin terrorizmə və narkotiklərin daşınmasına qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyini vurğuladı, Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxundu. O, mədəniyyət, təhsil, elm və digər sahələrdə ölkələrimiz arasında yaxşı əməkdaşlığın olduğunu dedi.
Prezident İlham Əliyev yekun nitqində bir daha bu görüşün üç ölkə arasında görülən işləri, niyyətləri və gələcəyə baxışın müəyyənləşdirilməsində mühüm hadisə olduğunu dedi. Dövlətimizin başçısı bu əməkdaşlıq formatını dünyaya nümunə kimi dəyərləndirdi. Trend-in məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, iki gündür ikitərəfli formatda görüşlər keçirilir: "Dünən İran İslam Respublikasının Prezidenti cənab Ruhani ilə mənim görüşüm olub, bu gün Rusiya Prezidenti cənab Putinlə görüşüm olub. Rusiya və İran prezidentləri də bu gün görüşüblər. Yəni bu görüşlərin çox böyük mənası var. Əslində, üçtərəfli format ikitərəfli əlaqələrin əsasında yaranır. Şadam ki, həm Azərbaycanın Rusiya və İranla, həm də Rusiyanın da İranla əlaqələri çox yüksək səviyyədədir və bu əlaqələrin inkişafı imkan verir ki, bu gün biz yeni əməkdaşlıq formatı haqqında nəinki danışaq, onu yaradaq. Yaşadığımız region çox mürəkkəbdir, risklərlə, təhdidlərlə dolu bölgədir və getdikcə əfsuslar olsun ki, bu risklər azalmır, artır. Belə olan halda üçtərəfli əməkdaşlıq regional təhlükəsizlik üçün əsas şərtdir. Rusiya, İran, Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici faktordur".
Dövlət başçısı deyib: "Hesab edirəm ki, birgə səylərlə biz həm ölkələrimizi mümkün olan risklərdən qoruyacağıq, eyni zamanda, geniş mənada regionda əməkdaşlığı dərinləşdirəcəyik. Bu gün gündəlik çox genişdir. Artıq həmkarlarım bu barədə çıxışlarında öz sözlərini dedilər. Əlbəttə ki, biz gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq, mehriban qonşuluq şəraitində yaşayırıq və bu birliyi möhkəmləndirməliyik. Eyni zamanda, iqtisadi sahədə, ixrac potensialımızın artırılması, ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək. Nümayəndə heyətlərinin müvafiq nazirləri bu məsələ ilə bağlı artıq görüşüblər və müəyyən razılığa gəliblər. Xüsusilə nəqliyyat energetika sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Bu əməkdaşlıq üç ölkənin səyi ilə yaranıb və bir çox ölkələr buna qoşulacaq".
Prezident İlham Əliyev qeyd edib ki, yaradacağımız "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm iqtisadi maraqlarını təmin edəcək: "Mən giriş sözümdə qeyd etdim, bizim əməkdaşlığımızın təməlində səmimi münasibətlərimiz, xoş niyyətimiz dayanır. Biz göstəririk və sübut edirik ki, bu mümkündür. Bəzən qonşular arasında problemlər, münaqişələr olur. Xöşbəxtlikdən bizim aramızdakı əlaqələr ancaq dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında qurulub. Biz bir-birimizi dəstəkləyirik, bir-birimizə inanırıq və güvənirik. Biz həm bölgəyə, həm dünyaya çox yaxşı əməkdaşlıq formatını nümayiş etdiririk. Əminəm ki, bu zirvə görüşünün nəticələri çox uğurlu olacaq, bəyannamədə əks olunan bütün məsələlər icra ediləcək. Beləliklə, xalqlarımız daha da yaxşı, təhlükəsizlik, sülh, rifah, əmin-amanlıq şəraitində yaşayacaq. Mən öz həmkarlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm. Burda qeyd olundu ki, bu görüşün təşəbbüskarı Azərbaycan olub. Bu ilin fevral ayında mən İran İslam Respublikasında rəsmi səfərdə olarkən prezident Ruhani ilə bu məsələni müzakirə etdim, ondan çox müsbət cavab aldım. Bundan sonra prezident Putinlə əlaqə saxladım, onun da münasibəti çox müsbət oldu. Ondan sonra üç ölkənin xarici işlər nazirləri aprel ayında Bakıda görüşmüşlər və bu zirvə görüşünün hazırlanması üçün çox fəal iş görmüşlər. İmzaladığımız birgə bəyannamə çox ciddi siyasi sənəddir. Bu günki görüş tarixi görüşdür. Çünki bu həm tarixə əsaslanır, xalqlarımız əsrlər boyu bir yerdə olublar, eyni zamanda, bu tarixdə ilk dəfədir. Əminəm ki, bu görüşün davamı olacaq və bizim ölkələrimizin bundan sonrakı əməkdaşlığı dərinləşəcək".
Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzaladılar.