Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi rayon icra hakimiyyətində görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyev tarixin çox az yetişdirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında ölməzlik qazanmış, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir: "Dahi Öndər Heydər Əliyevin uzaqgörən və müdrik dövlət xadimi olması artıq tarixin özü tərəfindən təsdiqlənmişdir. O, Azərbaycanın inkişaf və tərəqqisi üçün zəmin yaratmışdır. Ulu Öndər Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial və məişət problemlərinin həllinə böyük diqqət göstərilir".
Görüş zamanı Nəsimi rayon icra hakimiyyətinin başçısı Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevi 50 yaşının tamam olması münasibəti ilə təbrik edərək, gül dəstəsi və hədiyyə təqdim edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin sədri İnşallah Babayev dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Çıxış edənlər bildiriblər ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazırdırlar.
Sonda A.Əsgərova müharibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin İdarə Heyətinin qərarı ilə Fəxri Fərman təqdim edilib.
Görüş çay süfrəsi arxasında səmimi söhbətlə davam edib.
Ü.ƏSGƏROV