Dünən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelisi qəbul edib. Görüş zamanı xidmət rəisi F.Nəbiyev BMT QAK rəsmisini yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra F.Nəbiyev qonaqlara Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı əcnəbilərin respublikamıza marağını artırıb. F.Nəbiyev 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış xidmətin fəaliyyət istiqamətləri, görülmüş işlər barədə geniş söhbət açıb. Miqrasiya Məcəlləsinin qəbulundan, məcəlləyə son illər edilmiş əlavə və dəyişikliklərdən bəhs edən xidmət rəisi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrinə də diqqət çəkib. BMT QAK, eləcə də təşkilatın Azərbaycan nümayəndəliyi ilə əlaqələrin səmərəli olduğunu vurğulayıb. Xidmətdə yaradılmış xidməti şəraiti, Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti, əməkdaşların qulluğa qəbulu işindəki şəffaflığın yüksək səviyyədə təmin edilməsi qonaqların marağına səbəb olub.
Səmimi qəbula görə xidmət rəisinə minnətdarlığını bildirən Furio De Angelis Dövlət Miqrasiya Xidmətində keçirilən görüşün Azərbaycan Respublikasının xarici işlər naziri və Baş nazirinin müavini ilə görüşdən sonra sayca 3-cü olduğunu və BMT QAK üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət Miqrasiya Xidmətinin təmsil etdiyi qurumun əsas tərəfdaşlarından biri olduğunu qeyd edən qonaq əldə etdiyi məlumatlardan əməkdaşlığın yüksək səviyyədə olduğu qənaətinə gəldiyini bildirib.
Vətəndaşsızlıq hallarının azaldılması istiqamətində də Dövlət Miqrasiya Xidmətinin BMT QAK-la əməkdaşlıq etdiyini bildirən Firudin Nəbiyev son illər ərzində həyata keçirilən konstruktiv və kompleks tədbirlər nəticəsində ölkədə sənədsiz yaşayan şəxslərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.
Səmimi qəbula görə xidmət rəisinə bir daha minntədarlığını bildirən qonaq iki qurum arasında mövcud olan sıx əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Rəfiqə