Yaxud Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının iştirakı ilə Avrasiyanın perspektiv inkişaf istiqamətləri, əməkdaşlığın yeni formatı müəyyənləşdirildi
Xəbər verildiyi kimi, ötən gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. İlk dəfə olaraq üç ölkə arasında keçirilən bu tarixi görüşdə tranzit məsələsi, üçtərəfli əməkdaşlıq, humanitar sahədə, terrorizmə, narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin perspektivləri barədə müzakirələr aparıldı və bir sıra məsələlər haqqında razılıqlar əldə olundu.
Hazırkı geosiyasi konyuktura şəraitində belə bir görüşün keçirilməsi, ilk növbədə, regional və qlobal miqyasda müşahidə olunan çağırışlardan və təhdidlərdən irəli gəlirdi. Avrasiya geosiyasi məkanın aparıcı ölkələrinin – Azərbaycanın, İranın və Rusiyanın yerləşdiyi bölgələrdən heç də uzaqda olmayan coğrafiyalarda çox təhlükəli proseslər, müharibələr və humanitar böhran baş verməkdədir. Əfqanıstanda, Yaxın Şərqdə qeyri-sabitlik zonaları və qaynar münaqişələr, ilk növbədə "İŞİD", "Cəbhət ən-Nusra" və digər terror təşkilatları tərəfindən artmaqda olan terror təhlükəsi əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.
Hər şeydən əvvəl, əsrlər boyu dinc yanaşı yaşayan Azərbaycan, İran və Rusiya xalqlarını ortaq tarix və coğrafiya birləşdirir. Bu faktordan irəli gələrək Azərbaycanı həm İran də həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır ki, bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunun nəticəsidir ki, bu gün İran, Rusiya və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, hər zaman BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Elə buna görədir ki, Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. İran və Rusiya da, öz növbəsində Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır, hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib.
Azərbaycan, İran və Rusiya prezidentlərinin birgə görüşündə ümumi sərvət olan Xəzər dənizində sülh və əməkdaşlığın, ekosistemin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işi olaraq qeyd edilib. Eyni zamanda, Xəzər dənizində zəngin neft-qaz yataqları da var ki, məhz Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində, 20 ildir ki, iştirak edir və böyük sərmayə qoyur. Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR da Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır.
Üçtərəfli format ölkələrin iqtisadi əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradır. Yaradılan yeni əməkdaşlıq formatı biznes strukturları üçün də faydalı olmaqla yanaşı, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın, İranın və Rusiyanın geniş maliyyə imkanları nəzərə alınmaqla, başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak etmək imkanları ortaya çıxır.
Ümumiyyətlə, Azərbaycanın, İranın və Rusiyanın ortaq iqtisadi infrastrukturu da imkan verir ki, bu ölkələr üç dövlət olaraq, vahid iqtisadi məkan kimi inkişaf etsinlər. Məsələn, Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən, Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini "Xaçmaz-Dərbənd"" və "Yalama"" elektrik veriliş xətləri birləşdirir. İran ilə də hazırda "Parsabad"", "Astara-Astara"", "Araz" və "Culfa"" elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl, İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətti yaxın gələcəkdə tam istismara veriləcək. Eyni zamanda, sərhəd mühafizəsi işində də etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəbbüsü ilə bu il İran, Rusiya və Azərbaycan sərhəd xidmətlərinin rəhbərləri Bakıda görüş keçiriblər. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər (o cümlədən, Xəzər dənizində), birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Bir sözlə, yaratdılan yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, eyni zamanda yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, iqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq Azərbaycan, İran və Rusiya xalqlarının rifah halının yaxşılaşmasını təmin edəcək. Hətta belə bir əməkdaşlıq formatı ilə qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qorumaq, sabitliyi möhkəmləndirmək və əməkdaşlığı dərinləşdirmək mümkün olacaq. Həmçinin, Xəzər problemlərinə dair üçtərəfli dialoq da Xəzər dənizinin hüquqi statusu barədə konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq. Üç ölkənin eyni mövqeyə, qarşılıqlı etimada malik olması müxtəlif sektorlarda, xüsusilə mədəni-iqtisadi sahələrdə potensialı üzə çıxarmağa imkan yaradacaq. Rusiya, Azərbaycan və İranın əməkdaşlığı gələcəkdə də praqmatik, qarşılıqlı faydalı xarakter daşıyacaq və ölkələrin xalqlarının köklü maraqlarına cavab verəcək, bütün Xəzər regionunun dinamik inkişafı üçün yeni imkanlar yaradacaq. Bütün bunlar isə, bir daha göstərir ki, Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici amil rolunu oynayacaq.
"Səs" Analitik Qrupu