Sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun müdafiəsi üçün Nizami rayonunda imzatoplama kampaniyası keçirilib.
Bu barədə YAP Nizami rayon təşkilatından "Səs" qəzetinə verilən məlumata görə, kampaniyadan öncə imza toplayan fəallar üçün treninq keçirilib. İmzatoplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib.
Avqustun 5-də isə "Yeni Azərbaycan" Təşəbbüs Qrupu Nizami rayon şöbəsinin fəalları Nizami rayonunda yerləşən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə, müvafiq olaraq, tələb olunan sayda imza toplayıblar.
Yüksək aktivlik şəraitində baş tutan prosesdə "Yeni Azərbaycan" Təşəbbüs Qrupu Nizami rayon şöbəsinin 18 fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün dairə hüdudları üzrə sakinlərlə görüşüb, eyni zamanda, rayon təşkilatının qərargahında da imza yığıblar.
"Yeni Azərbaycan" Təşəbbüs Qrupu Nizami rayon şöbəsinin sədri, referendum üzrə səlahiyyətli nümayəndə Sədaqət Vəliyeva bildirib ki, referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər rayon təşkilatı tərəfindən uğurla həyata keçirilir: "Təşkilatın fəalları imzatoplama kampaniyasında xüsusi fəallıq göstəriblər. İmza vərəqələri doldurularkən, Seçki Məcəlləsinin tələblərinə tam əməl olunub".
Qeyd edək ki, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi ərazisində (Nizami rayonu üzrə) 22 min nəfərdə çox, 24 saylı Nizami I Seçki Dairəsi ərazisində 40 min nəfərə qədər, 25 saylı Nizami II Seçki Dairəsi ərazisində isə 45 min nəfərədək seçici qeydiyyatdadır.
R.KAMALQIZI