"Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regional təhlükəsizliyin təmini üçün böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Bakı sammitini şərh edərkən bildirib.R.Musabəyov deyib ki, Azərbaycan bütün qonşuları ilə mehriban münasibətlər quraraq əməkdaşlıq mərkəzinə çevrilməklə təhlükəsizlik dərəcəsini də artırmağa çalışır. Eyni zamanda həm Rusiya, həm İranla yayılan teror dalğasını neytrallaşdırmaqla bağlı əməkdaşlığın dərinləşdirilməsinə səy göstərir.Millət vəkili görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsirindən də danışıb: "Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının yaratdığı təhlükələr barədə söz açdı və üçtərəfli münasibətlərdə müsbət zəmin yaradılması üçün münaqişənin həllinin vacibliyinə diqqət çəkdi. Dövlət başçısı həmkarları Vladimir Putin və Həsən Ruhani ilə keçirdiyi ikitərəfli görüşlərdə onlardan bu münaqişənin həllinə dəstək istədi".R.Musabəyovun sözlərinə görə, Azərbaycan bu səviyyədə tədbirlərin ideya müəllifi olması və ona ev sahibliyi etməsi ilə geopolitik kəsişmələrin vacib nöqtəsinə çevrilir: "Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq çəkisin artırır və bu, dolayısı yolla Dağlıq Qarabağ münaqişənin həllinə müsbət təsir göstərir".
sia.az