PDF Oxu

Siyasət

  • 17

Azərbaycan regionda sabitləşdirici rol oynayır

Azərbaycan regionda sabitləşdirici rol oynayır

TEZİS ƏSASINDA

Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasət yaxın zamanlarda ölkəmizin daha nəhəng regional və beynəlxalq layihələrdə təşəbbüskar kimi çıxış edəcəyinə münbit və əsaslı zəmin yaradır

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda üçtərəfli formatda keçirdikləri ilk zirvə görüşü, sübuta yetirmiş oldu ki, bu addım eyni zamanda regionda yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi bir hadisədir. Bu görüş dünyaya isbatladı ki, Azərbaycanın təşəbbüskarlığı ilə siyasi baxış prizmasına yeniliklər gətirmək sülh və əmin-amanlığa yalnız müsbət təsirlər göstərə bilər. Ona görə də, əsası Azərbaycanda qoyulan yeni formatın əsas prinsipi, eləcə də, təşəbbüskarlıq missiyası və mərkəzi fiqur kimi gündəmə gəlməsi özündə bu mühüm prinsipləri ehtiva edir.

Beləliklə, Azərbaycanın təşəbbüskarlıqları sayəsində regionun təhlükəsizliyi və iqtisadi inkişaf mərhələsinə yenisi əlavə olundu. Buna qədər isə, Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısı kimi tarix yazıb. Belə ki, yeni yaradılan Azərbaycan-İran-Rusiya formatı, hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir.

Dünyanın aparıcı politoloqları, siyasi təhlilçiləri də etiraf edirlər ki, Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir, regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Məsələ ondadır ki, bu gün dünyada cərəyan edən və arzuolunmaz siyasi-iqtisadi böhranlardan çıxış üçün axtarılan yolların bir çoxu uğursuzluğa uğramaqdadır. Ancaq təməli ölkəmizdə qoyulan bu əsaslı format nəinki regionda, eləcə də dünyanın siyasi palitrasına rəng qatacaq. Özəlliklə deyə bilərik ki, gələcəkdə bu formatın daha geniş sferanı əhatə etməsi gözlənilir.

Azərbaycan daim İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib

Digər tərəfdən, Azərbaycan, İran və Rusiya arasında yeni əməkdaşlıq formatının yaranmasını şərtləndirən başlıca amillərdən biri də bu ölkələr arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi və xoş münasibətlərin mövcudluğudur. Əgər kiçik araşdırma aparsaq, qənaətə gələ bilərik ki, hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdirlər. Azərbaycanın həm İran, həm də Rusiya ilə dostluq əlaqələri son illərdə daha da inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Daha bir sübut kimi biz bunu beynəlxalq təşkilatlar çərçivəsində hər üç ölkənin bir-birinə dəstək göstərməsini önə çəkə bilərik. Məsələn, Azərbaycan daim İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Bununla Azərbaycan bir daha göstərib ki, beynəlxalq hüquq normalarına, ədalətə və ölkənin milli maraqlarına əsaslanan müstəqil siyasət aparır. Ermənistan istisna olmaqla, qonşularla yaxın əlaqələr Azərbaycanın milli maraqlarına tam olaraq cavab verir.

İran və Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər

Qarşılıqlı olaraq Cənub və Şimal qonşularımız olan İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşırlar. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Təbii ki, belə olan halda, Azərbaycan dövləti də hesab edir ki, yalnız birlik, sıx əməkdaşlıq, qarşılıqlı etimad şəraitində müasir dövrün çağırışlarına, mövcud olan risk və təhdidlərə qarşı effektli siyasət yürütmək olar.

Məsələn, Azərbaycan müasir dövrün ən mühüm problemləriindən olan terrorizmə qarşı mübarizədə prinsipial mövqe tutur, bu sahədə əməkdaşlığın gücləndirilməsi işinə əməli töhfələr verir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın irəli sürdüyü təşəbbüslər bunu bir daha sübut edir. O cümlədən, Azərbaycan Xəzər dənizi regionunda sülh və əməkdaşlığın inkişafına, dənizin ekosisteminin qorunmasına töhfə verir. Nəticədə, ölkəmizin təşəbbüskarı olduğu mühüm enerji layihələri nəinki region dövlətlərinə, o cümlədən, bütün ölkələrə səmərə verir, fayda gətirir.

Üçtərəfli format elektroenergetika sektorunda əməkdaşlığın genişlənməsində, ölkələr arasında enerji mübadiləsinin artmasında öz müsbət rolunu oynayacaqdır. Həmçinin, sərhədlərin mühafizəsi işində əməkdaşlığı stimullaşdıracaq, bu sahədə birgə təlimlər, operativ informasiya mübadiləsinin həyata keçirilməsi işini sürətləndirəcək.

Azərbaycan yeni siyasi formatlarının təşəbbüskarı kimi regional əməkdaşlığın inkişafına, sülhə və təhlükəsizliyə ciddi töhfə verir

Nəticə etibarilə belə qənaətə gəlməyə zəmin yaranır ki, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuz qazanmış Azərbaycan regionda sabitləşdirici rol oynayır, mühüm transmilli iqtisadi layihələrin, yeni siyasi formatlarının təşəbbüskarı kimi regional əməkdaşlığın inkişafına, sülhə və təhlükəsizliyə ciddi töhfə verir. Bütün bunlar isə, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli, uzagörən, məntiqli, əsaslı və prinsipial siyasətin həyatiliyini, uğurunu açıq şəkildə nümayiş etdirir. Bu uğurlu siyasət yaxın zamanlarda ölkəmizin daha nəhəng regional və beynəlxalq layihələrdə təşəbbüskar kimi çıxış edəcəyinə münbit və əsaslı zəmin yaradır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər