Prezident İlham Əliyev: "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir
Son illər Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də etiraf olunur. Qlobal maliyyə böhranının tüğyan etdiyi dövrdə ölkəmizin bu prosesdən məharətlə çıxması, hətta bir çox inkişaf etmiş dövlətlərin tənəzzülə uğradığı bir vaxtda öz inkişafını davam etdirməsi aparılan iqtisadi siyasətin praqmatikliyinin təsdiqidir.
Ölkədə nəqliyyat infrastrukturunun dünya standartları səviyyəsində qurulması hava, su, dəmir yolu, quru nəqliyyat vasitəsilə beynəlxalq iqtisadi əlaqələrin güclənməsində, idxal-ixrac əməliyyatlarının genişləndirilməsində olduqca böyük rol oynayır. Həmçinin, ölkə daxilində nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi investorları Azərbaycana cəlb etməklə yanaşı, iqtisadi tərəqqinin sürətlənməsində də müstəsna əhəmiyyətə malikdir.
Beynəlxalq xarakterli nəqliyyat yolları və burada Azərbaycanın iştirakına gəlincə, ilk növbədə "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri qeyd olunmalıdır. "Şərq-Qərb", "Avropa-Qafqaz-Asiya" Beynəlxalq Dəhlizi deyilərkən, əsasən, tarixi İpək Yolu nəzərdə tutulur ki, onun da keçdiyi əsas ərazilərdən biri Azərbaycandır. Məhz Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu Transavropa və Transasiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə bərabər, həmin ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin daha da sürətlənməsinə, əməkdaşlığın inkişafına və xarici iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Bunlardan əlavə, dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dünya bazarlarına daha çox məhsul çıxarmasına imkan verəcək. Daşınma xərcləri nisbətən az olduğundan Bakı-Tbilisi-Qarsla ölkəmizə idxal olunan məhsulların qiyməti də ucuz olacaq. Bu marşruta Çin, Hindistan, Qazaxıstan, İran və s. xarici dövlətlər də xüsusi maraq göstərdiklərindən, onun tranzit əhəmiyyəti artır.
Bu kontekstdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi qeyd olunmalıdır. "Şimal-Cənub" dəhlizində iştirak ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Sözügedən nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin dəmir yolu ilə daşınması nəzərdə tutulur. Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 kilometrdir. Bakı-Yalama sahəsində dəmir yolu iki xətlidir. Azərbaycan ərazisi üzərindən daşınacaq yükün həcmi birinci 3 il ərzində 2 milyon tona qədər, ikinci mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə - birbaşa dəmir yolu əlaqəsi yaradıldıqdan sonra isə 15 milyon ton olacaq. Yeri gəlmişkən, "Şimal-Cənub" Dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının yenidən qurulması istiqamətində də irimiqyaslı işlər həyata keçirilir. Elə ötən gün Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıdakı Zirvə toplantısında da bu layihənin əhəmiyyəti xüsusi vurğulanıb.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb və 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonralar Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman, Tacikistan, Suriya, Türkiyə və Ukrayna, Azərbaycan isə 2005-ci il sentyabrın 20-də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.
Beynəlxalq nəqliyyat layihələri Azərbaycanın büdcəsinə əlavə vəsaitlər gətirəcəkdir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır: "Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya və Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək".
Bir sözlə, Azərbaycanın nəqliyyat infrastrukturunun daha da müasirləşməsi, yenidən qurulması dövlətimizin diqqət yetirdiyi prioritet məsələlərdəndir. Ölkənin nəqliyyat-yol kompleksinin inkişafına, eyni zamanda transmilli layihələrin reallaşdırılmasına yönəlmiş investisiyaların həcminin ilbəil artması bunu əyani şəkildə təsdiq edir.
"SƏS" Analitik Qrupu