"Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ probleminin bildirdiyi kimi doğrudan da "nə qalib, nə də məğlub tərəf olmadan" həllini istəyirsə, deməli hələ savaşın başlamadığı dönəmlərdəki vəziyyətə qayıdılmasını nəzərdə tutur. Çünki məhz savaşdan sonra qalib və məğlub tərəf anlayışı ortaya çıxmışdı. Bu isə o deməkdir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar vilayət statusunun verilməsi planlaşdırılır".SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, erməni diasporu da proseslərin buna doğru getdiyindən xəbərdardır: "Yəqin Los Ancelesdə və Parisdə forpostbaşı Serj Sərkisyanın "dəfn olunması" və "asılması" faktları da bununla bağlıdır. Özü də maraqlıdır ki, bütün bu məzhəkələr Minsk qrupuna həmsədrlik edən ölkələrdə baş verir. Mən bunun təsadüf olduğunu və həmin ölkələrdəki bəlli çevrələrdən xəbərsiz edildiyini düşünmürəm.Əgər xatırlayırsınızsa, aprel döyüşlərindən sonra Rusiyanın Dağlıq Qarabağ probleminin tam da olmasa, müəyyən bir mərhələyədək həllində maraqlı göründüyü meydana çıxanda Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Serj Sərkisyanın "tabuta qoyularaq dəfn edildiyi" həmən Los Ancelesdə daşnaklarla görüş keçirmişdi. Bu görüşün keçirilməsində məqsədin nə olduğunu o zaman açıqladığımdan yenidən onu təkrarlamaq istəmirəm".
sia.az