İlham Əliyev: "Ölkəmizin inkişafı, eyni zamanda bölgələrin inkişafından keçir"
Son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin regionlara səfərlər etməsi, insanlarla həmişə təmasda olması, siravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır, hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.
Son on iki ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız dəfələrlə artmış, ölkənin ümumi valyuta ehtiyatları çoxalmışdır.
Bölgələr uğurlu inkişaf yolunda abadılığa doğru
Bu inkişaf ölkəmizdə həyata keçirilən regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlığın daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Həmin proqramlar regionların inkişafını dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü ötən 12 il müddətində öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək, əks-proses başlanıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb.
Bölgələrin inkişafının mühüm amillərindən olan özəl bölmənin tərəqqisinə xüsusi əhəmiyyət verilməsi regionların inkişafına da öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, sahibkarlara dəstək üçün yerli icra orqanlarının fəaliyyəti daha da gücləndirilməlidir. Özəl bölməyə diqqətin artırılması Azərbaycanın uğurlu inkişafını sürətləndirəcəkdir. Hər bir yerdə icra hakimiyyəti başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onları incitməməlidirlər, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerlərdə icra başçıları dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə də, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.
Sosial müdafiəyə xüsusi önəm verilir
Regionlarda əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması istiqamətində də mühüm uğurlar əldə edilib. Ölkə boyu bir sıra sosial obyektlər tikilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və ekologiya sahələrində böyük irəliləyiş nəzərə çarpıb.
Bu günlərdə ölkə Prezidenti İlham Əliyev Qəbələ şəhərində Qəbələ "ASAN xidmət" mərkəzinin açılışında çıxışı zamanı bu xidmətin insanların rahatlığına geniş imkanlar yaratğdığını bildirib. "ASAN xidmət" Azərbaycan məhsuludur" deyən ölkə Prezidenti üç il yarım ərzində 11 milyona yaxın müraciət olunduğunu, bu sahədə çox ciddi irəliləyişlərin olduğunu bildirdi: "Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində, böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər".
Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini çıxışlarında vurğulayaraq demişdir: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir". Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri İlham Əliyev regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkan yaradır.
RƏFİQƏ KAMALQIZI