PDF Oxu

Siyasət

  • 25

Ermənistanda real mənzərə: xaos və sosial təlatümlər burulğanında

Ermənistanda real mənzərə: xaos və sosial təlatümlər burulğanında

Serj Sarkisyanın siyasi resursları tükənib

Ermənistanda məlum silahlı qiyama cəhddən sonra işğalçı ölkədə gərgin vəziyyət davam edir. Real mənzərənin təhlili göstərir ki, xalq həbsə atılan qiyamçıların azadlığa çıxmasında israrlıdır. Bu məqsədlə etiraz aksiyaları davam edir. Lakin hakim düşərgə yaxşı bilir ki, həbsə atılanlar azad olunsa, onda hakimiyyətin mövqeyi daha da zəifləyəcək və onun istefası daha qəti tələb şəklində qoyulacaq. Bu səbəbdən, həbsə atılanlara qarşı əlavə ittihamlar irəli sürülür, onların məsuliyyətini artıracaq, yeni məqamlar dövriyyəyə braxılır.

Problemin həlli Serj Sarkisyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsini tələb edir və bu hal Serj Sarkisyan komandasının durumunu daha da ağırlaşdırır. Digər tərəfdən, ölkədə əksər müxalif qüvvələr də patrul alayının binasını tutan silahlı qrupun tərəfinə keçdiyini bəyan edib.

Cəmiyyətlə hakimiyyət arasında uçurum

Sarkisyan rejiminin göstərişi ilə aksiyaların güc yolu ilə dağıdılması davam edir. Bütün ölkə boyu repressiv tədbirlər həyata keçirilir. Bu arada qeyd olunur ki, Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini, keçmiş deputat Armen Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub. Siyasətçinin qardaşı Arşak Martirosyan bildirib ki, Armen hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasındadır. Erməni mətbuatının məlumatına görə, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlədir. Siyasi ekspertlərin sözlərinə görə, həbslər heç də ölkədə yaşanan vəziyyətin yaxşılığa doğru irəliləməsi deyil, əks-halda yeni yaranacaq xalq hərəkatının qarşısını belə ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Erməni politoloq Suren Zolyan etiraf edir ki, indi situasiya kökündən dəyişib: "Əgər ötən günlərdə xalqla hakimiyyət arasında hansısa dialoq mümkündüsə, indi bu, əsla, baş tutan deyil". Onun sözlərinə görə, ölkədə hakimiyyət artıq dəyişib, çünki hakimiyyət polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət dairələrinin olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan legitimliyini itirib. Onsuz da, onun belə legitimliyi də yox idi. İndi o, nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə bilir".

Diaspor Sarkisyan hakimiyyətinə qarşı

Göründüyü kimi, Sarkisyan hakimiyyətinin diaspor qarşısında mövqelərinin zəifləməsi isə onun xalqa qarşı müqavimət gücünü də azaldır. Diaspor artıq Sarkisyanın hakimiyyətdən getməsində maraqlı tərəf kimi çıxış edir. Məsələn, elə həbsxanaya salınan Jirayr Sefilyan adlı terrorçunun Livanda yaşayan qardaşı Toros Sefilyan da Ermənistan əhalisini hakimiyyətə qarşı mübarizəyə çağırıb. O, erməni xalqına məsləhət görür ki, bütün hər şeyi bir tərəfə qoyub, vahid yumruq halında birləşsinlər: "Camaat, biz gecikirik, bu sistem dağılmalıdır, əks-halda bizdən sonrakı nəsillərə diktatura sistemi qalacaq''.

Qərb ölkələrində Serj Sarkisyana qarşı aparılan güclü siyasi kampaniya da öz pik həddinə çatmaqdadır. Belə ki, ABŞ-da Serj Sarkisyanın rəmzi cənazə mərasiminin keçirilməsi yuxarıda qeyd etdiyimizi təsdiqşləyən faktordur. Belə ki, Ermənistan prezidentinin rəmzi tabutunun ABŞ-da dəfn edilməsi həm də erməni diasporunun Ermənistan siyasi rəhbərliyinə maliyyə qoyuluşlarının və onların gələcək gözləntilərinin dəfni hesab etmək olar.

Erməni diasporu Ermənistan və Qarabağın separatçı rejiminə maliyyə yardımını dayandırmaq barədə çağırış edib. Diaspor liderləri israr edirlər ki, Qərb ölkələrindən gələn maliyyənin böyük hissəsi Serj Sarkisyan və onun yaxın ətrafı tərəfindən mənimsənilir. Belçikada yaşayan Qrişa Virabyan adlı erməni diasporunun fəal üzvü isə istehza ilə soruşur: "Necə olur ki, 1000 nəfərlik hazırlıqlı heyətə malik polis alayını 30 nəfərlik silahlı dəstə tərksilah edir? Hətta dəstənin üzvlərindən çoxu birinci dəfə idi ki, əllərinə silah götürürdülər''.

Erməni diasporu kriminallaşmış hakimiyyət ölkəsi ilə əlaqələrə son qoymaq tələbini də irəli sürüb. Bildiriblər ki, xalq Sarkisyanın vecinə də deyil: "Ölkədə yoxsulluq və haqsızlıq o dərəcədə artıb ki, Sarkisyan hakimiyyəti əhalini heç nə ilə inandıra bilmir, onlar, sadəcə olaraq, sözə olan hüquqlarını itiriblər''.

Bu, bir daha göstərir ki, erməni diasporunun başlıca tələbi Serj Sarkisyanın hakimiyyətdən getməsidir. Sarkisyanın isə bu tələblərə uzun müddət müqavimət göstərməsi üçün resursları tükənibdir.

Vardan Bostancyan: "Ermənistanda psixoloji tənəzzül hökm sürür"

İqtisadçı-professor Vardan Bostancyan Ermənistanda baş verən son prosesləri təhlil edərkən bildirib ki, ölkədə psixoloji tənəzzül hökm sürür: "Ermənistanı sanki bütün regional hadisələrdən və layihələrdən kənarlaşdırırlar".

V.Bostancyan, həmçinin son vaxtlar Rusiya prezidentinin Azərbaycan və Türkiyə prezidentləri ilə görüşünü daha müsbət qiymətələndirdiyini aydın şəkilədə diqqətə çatdırıb: "Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyanla Vladimir Putinin görüşünə deyil, Rusiya prezidentinin Azərbaycan və Türkiyə dövlət başçıları ilə görüşlərinə diqqət yetirmək lazımdır. Aydındır ki, böyük siyasi maraqların toqquşması baş verir. Əslində, hazırda regionda yaranmış vəziyyət Ermənistan üçün əlverişsizdir. Kosmetik deyil, köklü islahatlar lazımdır. Psixoloji amil də rol oynayır. Bütün Ermənistanda psixoloji tənəzzül hökm sürür".

Beləliklə, Serj Sarkisyanın bu gün yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir. Xüsusilə, siyasətə yalanla gələn adamların sonradan ədalətli olmaları olduqca çətindir. Lakin bütövlükdə, erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur. Yaxşı olar ki, bu gün Sarkisyan vicdanının səsinə ( əgər onda deyilən amil varsa- A.S.) qulaq asıb, düz yola gəlsin. Yoxsa bundan sonra qan töküləcəksə, günahkar Sarkisyan olacaq və xalq onu bağışlamayacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər