PDF Oxu

Siyasət

  • 16

Azərbaycan-Rusiya əlaqələri yeni mərhələdə

Azərbaycan-Rusiya əlaqələri yeni mərhələdə

Bu gün artıq dünya birliyində də etiraf olunur ki, Azərbaycan sürətlə inkişaf edən, qüdrətli iqtisadiyyata malik, enerji resurslarına görə dünyada sayılıb-seçilən ölkələrdəndir. Məhz bu baxımdan da, bir neçə gün bundan öncə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri həmişə beynəlxalq birlik tərəfindən böyük maraqla izlənilib. Hər şeydən öncə, ona görə ki, Azərbaycan-Rusiya dostluq münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf edib. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il aprelin 4-də imzalanmış müvafiq protokol əsasında Rusiya Federasiyası ilə diplomatik münasibətlər qurmuşdur. Həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətlərinə başlamışdır. Lakin AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirdikdən sonra ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli addımlar atılmamış, qonşu dövlətlərlə, o cümlədən, Rusiya kimi qüdrətli bir ölkə ilə diplomatik münasibətlər tamamilə pozulmuş, əməkdaşlıq xeyli zəifləmişdi. Yalnız Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra Rusiya ilə dostluq və əməkdaşlıq münasibətləri bərpa olunmuşdur. Məhz bu dostluq münasibəti nəticəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı imzalanan sənədlərin əhatə dairəsi etibarilə iki ölkə arasında münasibətlərdə yeni imkanlar yaradacaq.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolu

Xüsusi olaraq ən əsas bir məqamı vurğulamaq yerinə düşər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həm ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də yüksək əməkdaşlıq münasibətləri olan qonşu dövlət kimi öz köməyini heç vaxt əsirgəməyib. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bunu yüksək qiymətləndirmişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş, əsasən, bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm".

Ümumiyyətlə, hər zaman Rusiya və Azərbaycan dövlətləri arasında dostluq münasibətləri olub və olacaq da. Çünki Rusiya bizim qonşu dövlətlərmizdən biridir. Bir sözlə, Vladimir Putinin Azərbaycana səfəri, bir daha təsdiq etdi ki, Azərbaycan və Rusiya dövlətlərinin münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Yəni Rusiya prezidentinin ölkəmizə budəfəki səfəri gələcəkdə münasbətlərin növbəti dəfə inkişafı üçün bir çox yeni imkanlara yol açacaqdır.

Azərbaycan və Rusiya hərbi əməkdaşlığı

Eyni zamanda, avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, eləcə də, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi, bir daha sübut etdi ki, son dövlər ölkələrimiz arasındakı münasibtlər, sosial-iqtisadi sahələrlə yanaşı, həmçinin, hərbi müdafiə sahəsində də ən yüksək xətlə inkişaf etməkdədir. Digər tərəfdən, ölkəmizin regionda və dünyada mövqeyinin güclənməsi, beynəlxalq səviyyəli görüş və tədbirlərdə söz sahibinə çevrilməsi də, belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq dünyanın siyasi-iqtisadi müstəvisində önəmli geopolitik oyunçuya çevrilmiş Azərbaycan, həm də söz sahibi kimi qiymətləndirilməkdədir. Məhz bu baxımdan, Azərbaycan-Rusiya münasibətlərinin daha yeni funksiya üzərində formalaşmasında da mövcud aspektləri nəzərə almaq vacibdir. Belə ki, bir müddət öncə, ölkəmizdə Azərbaycan-Rusiya-İran üçtərəfli formatlı görüşünün keçirilməsi fonunda atılan addımların ardıcıllığı da qeyd olunanları təsdiq etməkdədir.

Ümumiyyətlə, son zamanlar Rusiyadan olan rəsmilərin ölkəmizə səfərləri xeyli dərəcədə intensivləşib. Digər tərəfdən sirr deyil ki, Azərbaycan öz silah arsenalının gücləndirilməsi prosesində Rusiyadan aldığı silahlara həmişə böyük əhəmiyyət verib. Rusiya isə son dövrlər silah istehsalında xeyli dərəcədə dönüş edərək, öz arsenalını müasir tələblərə cavab verən silah və hərbi texnika ilə zənginləşdirib. Bundan başqa, Moskva silah satışında da dünyada aparıcı yeri tutur. Sözügedən məsələ ilə bağlı politoloq Elşən Manafov bildirir ki, Rusiya müdafiə nazirinin Azərbaycana səfəri Moskvanın ölkəmizə xüsusi əhəmiyyət verdiyinin bir göstəricisidir: "Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra müdafiə naziri Şoyqunun da Azərbaycan paytaxtına rəsmi səfərə gəlməsi, əlbəttə, ikitərəfli münasibətlərin genişlənməsi və münasibətlərin hərbi əməkdaşlıq müstəvisində inkişafı istiqamətində yeni addımların atılması anlamına da gəlir. Ermənistan Rusiyanın strateji müttəfiqidir, Azərbaycanla Moskva arasında münasibətlər isə strateju əməkdaşlıq üzərində genişləndirilir və inkişaf etdirilir. Digər tərəfədən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. 2010-cu ildə Yerevanla Moskva arasında əldə edilən razılıqdan sonra Rusiyanın Ermənistandakı hərbi bazalarının dislokasiya müddəti daha 40 il uzadıldı. Bu da Rusiyanın Cənubi Qafqazda Ermənistanla hərbi əməkdaşlıqla bağlı münasibətlərə önəm verdiyini göstərir.

Bununla belə, Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ölkəmizin də bölgədə Rusiya üçün xüsusi əhəmiyyət kəsb etməsilə bağlı məsələləri gündəmə gətirir. Azərbaycan Ermənistandan fərqli olaraq, KTMT-də təmsil olunmur. Bununla belə, Rusiya dünya bazarında silah satışında aparıcı dövlətlərdən biridir və onun alıcıları arasında Azərbaycan da mühüm yer tutur. Ölkəmiz Rusiyadan silah alan ölkələr sırasında ilk beşlikdə yer alıb. Azərbaycanın bu beşlikdə yer alması göstərir ki, ölkəmiz Rusiya ilə, digər sahələrdə olduğu kimi, bu istiqamətdə əməkdaşlığa da ciddi önəm verir. Eyni zamanda, bu gün Azərbaycan bölgənin güclü dövləti olaraq müstəqil siyasət yeridir. Ermənistan isə Moskvanın forpostudur və müstəqil siyasət yürütmək iqtidarında deyil. Təbii ki, belə bir dövlətlə Rusiya münasibətləri pozmaq səviyyəsinə gətirməyəcək".

Göründüyü kimi, Azərbaycanın regiondakı mövqeyi sarsılmaz olduğu qədər, həm də maraqlar dairəsində inkişaf edir. Xüsusilə, Rusiya ilə müdafiə və hərbi sahədə inkişaf xəttinin artması da, əminliklə belə qənaətə gəlməyə zəmin yaradır ki, yeni əməkdaşlıq fonunda Cənubi Qafazq, eləcə də, bütövlükdə Qafqaz regionunun əsas təhlükəsizliyi Azərbaycanın və Rusiyanın birgə marağı çərçivəsində təmin oluna bilər. Bu faktorlar, bir daha təsdiqləyir ki, artıq ikitərəfli müasibətlərin yeniləşməsi baxımından, yaxın gələcəkdə münasbətlərin növbəti dəfə inkişafı üçün bir çox yeni imkanlara yol açacaqdır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər