PDF Oxu

Siyasət

  • 28

Siyasilər qərəzli bəyanata etiraz edir

Siyasilər qərəzli bəyanata etiraz edir

Məlum olduğu kimi, bu günlərdə ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner "REAL" (Respublika Alternativi) Hərəkatının icraçı katıbı Natiq Cəfərlinin həbsilə bağlı bəyanat verib.

Xatırladaq ki, Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

ABŞ Dövlət Departamentinin bəyanatı Azərbaycanda fəaliyyət göstərən KİV, QHT təmsilçiləri, eləcə də ayrı-ayrı siyasətçilər tərəfindən tənqid edilib, ikili standartlar, qərəzli yanaşma kimi qiymətləndirilib.

Çingiz Qənizadə, millət vəkili:

- Necə olur ki, ABŞ Dövlət Departamenti iki il bundan əvvəl Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məlumatı demirlər, ancaq beş gün bundan əvvəl həbs olunmuş adam haqqında dərhal bəyanat yayırlar. Ölkəmizdə hər bir təşkilatın vergi ödəyicisi olması vacibdir. Hesab edirəm ki, müəyyən təşkilatlar var ki, onlar başqa dövlətlərin marağına uyğun fəaliyyət göstərirlər. İkincisi, ölkədə bir vergi ödəyicisi mədəniyyəti var, bunu biz özümüz aşılamalıyıq və hər kəs vergi ödəyicisi olmalıdır. Hər bir qeyri-hökumət təşkilatı yoxlayıcı orqanlar üçün açıq olmalıdır. Əgər kimsə qanunun tələblərini pozursa, qanunvericiliklə məsuliyyət daşıyır. Bu baxımdan, ABŞ Dövlət Departamentinin bu cür bəyanatları Natiq Cəfərli və qeyrilərinin işini çətinləşdirməyə yönəlir. Çünki bundan da həmin bəyanat verən dövlətlər dividend əldə edirlər ki, guya Azərbaycanda mənfiliklər var. Prosesi siyasiləşdirməklə, onlar həm Azərbaycanın imicinə kölgə salmağa çalışırlar, həm də istintaq altında olan şəxslərə problem yaradırlar. Ona görə də belə hallarda bu cür qərəzli təşkilatlar qərəzli bəyanatlar verməkdən çəkinməlidirlər. Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin belə qərəzli bəyanatları Azərbaycan hüquq- mühafizə orqanlarının işinə müdaxilədir.

Araz Əlizadə, millət vəkili:

- ABŞ, ümumiyyətlə, hamıya öz iradəsini diktə etməyə cəhd edən ölkədir. Onun siyasəti "Ağanəzərəm, belə gəzərəm" ehtimalından kənara çıxa bilmir. ABŞ elə bilir ki, o, nə istəsə deyə bilər, nə istəsə edə bilər, ayrı-ayrı dövlətlərin daxili işinə qarışa bilər, ancaq ABŞ-a qarşı heç kəs heç nə edə bilməz. Deyim ki, ABŞ-ı nə Azərbaycan torpaqlarının işğalı maraqlandırıb, nə də işğalçıların Azərbaycana qarşı təcavüzü. Cinayətə qaldıqda, ABŞ-da ən böyük cinayət vergidən yayınmadır. Buna görə, kimliyindən asılı olmayaraq, hər kəs cinayət məsuliyyətinə cəlb olunur. Əgər Azərbaycanda Natiq Cəfərli sahibkarlıq fəaliyyəti zamanı külli miqdarda vergidən yayınıbsa, niyə də ki, onun haqqında cinayət işi qaldırılmasın. Bu reallığı ABŞ Dövlət Departamenti də başa düşməlidir.

Rufiz Qonaqov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin direktoru:

- ABŞ Dövlət Departamentinin vergidən yayındığına görə həbs edilən Natiq Cəfərliyə görə Azərbaycanı tənqid etməsi nəinki ikili standart, hətta qeyri-ciddi bəyanatdır. Bəyanatda ABŞ rəsmisinin "məlumatsızlığı" həm də təəccüb doğurur. Dövlət Departamenti Azərbaycanda bu və ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun "müfəssəl məlumatlılıq" nümayiş etdirir və bununla da onların işini siyasiləşdirir. Çünki həmin təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir və bəyanatlar verirlər. Amma iş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya susurlar, ya da suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir. Çünki vergi yayınmalarına görə istintaq orqanları N.Cəfərli barəsində araşdırmalar aparır. İstintaq başa çatmadan bəyanatla çıxış etmək beynəlxalq hüquq normalarına ziddir. Hər il ABŞ-da yüzlərlə insan polisin və digər dövlət qurumlarının zorakılığının qurbanı olur. Bu cür biabırçı halların aradan qaldırılması üçün ABŞ dövləti tədbirlər görmək əvəzinə başqa dövlətlərdə problem axtarır. Bu bir növ "öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır" kimidir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər