Sosial-iqtisadi durum bunu bir daha təsdiqləyir
Beş aya yaxındır ki, Ermənistanda xalqla iqtidar arasında qarşıdurma daha da dərinləşərək, pik nöqtəsinə çatıb. Hadisələrin bu məcrada inkişafını şərtləndirən əsas amil isə iyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin fəaliyyəti olub. Hakimiyyət tərəfindən həmin şəxslər cinayətkar elan edilsə də, xalq bu şəxsləri qəhrəman qismində görərək onların müdafiəsinə qalxıb. Bu gün artıq xalq tərfəindən yaranan müdafiə dəstələri genişlənməkdədir. Elə Serj Sarkisyan iqtidarını da narahat edən əsas məqam məhz budur.
Çünki hakim komanda yaxşı bilir ki, silahlı dəstənin müqavimətini qıra bilməsə, onda qiyamçılara verilən dəstək aksiyaları daha da genişlənəcək və sonda bu, iqtidar üçün daha ciddi problemə çevriləcək. Elə bu səbəbdən, hakimiyyət rəhbərliyi qiyamçılara qarşı daha sərt şəkildə hərəkət etməyə qərar verib.
Arayik Xandoyan: "Sarkisyanın xalqa qarşı əclaflığı onun hakimiyyətinin sonu deməkdir"
Bu fonda qiyamçılardan biri olan Arayik Xandoyan Ermənistan hakimiyyətinə çağırış edib: "Serj Sarkisyan kimdir? Soruşuram: Serj kimdir? Mən onu seçməmişəm. Ermənistan seçicilərinin 80 faizi onu seçməyib. Onu sən seçmisən? Onda get yanına və de ki, "əclaf, sən neynirsən? Bu nə gündür bizi salmısan?!" O, mənim qardaşlarımı, Ermənistanın bütün vətənpərvərlərini öldürdü. Sarkisyan bilməlidir ki, xalqa qarşı nə qədər ki, əclaflıq edir, bu, ona bağışlanılmayacaq".
Beləliklə, baş verənlər Ermənistanın yeni xaosun astanasında olduğunu göstərir. Bu hal, yuxarıda qeyd olunduğu kimi, xalq arasında Serj Sarkisyan iqtidarının mövqelərinə daha sərt formada zərbə vurur.
Erməni lobbisi ilə Sarkisyan iqtidarı arasında qarşıdurma
Erməni mətbuatının məlumatına görə, erməni lobbisi ilə Sarkisyan iqtidarı arasında da narazılıqlar artmaqdadır. Belə ki, ABŞ-ın Kaliforniya ştatında bir qrup erməni polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupa dəstək üçün aksiya keçirib. Aksiya iştirakçıları əllərində Serj Sarkisyanın keçmiş İraq diktatoru Səddam Hüseynlə birlikdə dar ağacından asıldığını əks etdirən plakatlarla küçələrə çıxıblar. Onlar bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Aksiyada ABŞ hakimiyyətinə müraciət olunub ki, Ermənistandakı vəziyyətə dərhal müdaxilə etsin və Sarkisyanın hakimiyyətini pisləsin. Aksiyaçılar Sarkisyana qarşı silahlı qiyama əl atanlara dəstək veriblər. Parisdə isə "Erməni dirçəlişi'' təşkilatının rəhbəri Şant Voskeriçyan erməni diasporunu Ermənistandan və Qarabağ ermənilərindən yardımı kəsməyə çağırıb. O deyib ki, diasporun ayırdığı yardımları Sarkisyan və qardaşları mənimsəyir: "Bütün Paris bundan danışır ki, ötən il Serj Sarkisyan Monte-Karloda 2 saata 3 milyon dollar uduzub. Bu, erməni diasporunun Qarabağa ayırdığı pullar idi''.
Ermənistanda yoxsulların sayı sürətlə artır
Erməni ekspertləri işğalçı ölkənin bu duruma düşməsinin əsas səbəbini iqtisadi durumun kritik vəziyyətdə olmasın ilə əlaqələndirirlər. Ermənistanın "Ayots aşxar" qəzetinin yazdığına görə, ölkədə insanların hər 5 nəfərdən 3-ü yoxsul, hər 5 nəfərdən 2-si isə çox yoxsuldur. Yazıda bildirilir ki, 1998-ci ildən keçən dövr ərzində, ilk dəfə olaraq bu il əhalinin durumu nəinki yaxşılaşmayıb, əksinə, pisləşib. Nəticədə, "çox yoxsul" və "son dərəcə yoxsul" insanların sayı artıb: "Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər artıb. Ötən il belə insanların sayı 1,1 milyon idi. Son ildə "çox yoxsul" təbəqəsinə daxil olanların sayı da 245 min artaraq, 650 minə çatıb".
Beləliklə də, öz torpağında onlara yaşamaq üçün yer verən bir xalqa qarşı işğalçılıq, terorçuluq və soyqırımı aktları həyata keçirmək bahasına işlənən cinayətin hansı nəticələrə gətirib çıxardığını anlamaq üçün isə erməni olmaq belə yetərlidir. Nə qədər ki, işğalçı ölkə və Sarkisyan hakimiyyəti bu reallığı anlamır, siyasi-iqtisadi və sosial böhranlar məngənəsində elə boğularaq, məhvə doğru gedəcək və iqtidarda uzun müddət duruş gətirə bilməsi ciddi sual altında qalacaq.
A.SƏMƏDOVA