PDF Oxu

Siyasət

  • 15

Azərbaycanın getdiyi inkişaf yolunda danılmaz faktor - qeyri-neft sektoru

Azərbaycanın getdiyi inkişaf yolunda danılmaz faktor - qeyri-neft sektoru

İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır"

Son illər dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması və maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunmuş, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra edilmişdir. Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır.

Məhz bunun nəticəsidir ki, iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 69,9 faizə çatmışdır. Bütövlükdə isə, rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son on iki ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi dövlət proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin, kənd təsərrüfatına subsidiyaların ayrılmasına, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. Son on iki ildə ölkəmizdə 1 milyon 400 min iş yeri yaradılmışdır ki, bunun da böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür.

Qeyri-neft

sektorunun inkişafı dövlətin iqtisadi

siyasətinin prioritet istiqamətidir

Yeri gəlmişkən, iqtisadçı-ekspertlərin proqnozlarına görə, dövlətin iqtisadi siyasətinin aparıcı tempinə müvafiq olaraq, bu il ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq, qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək. Cari ildə qeyri-neft sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2017-ci ildə 72,4 faizə yüksələcək. Bununla belə, ixracın strukturunda neft sektorunun payının getdikcə azalması müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə ixracda neft sektorunun payı 95,3 faiz, 2012-ci ilə 94,1 2013-cü ildə 92,4 faiz olmuşdusa, ötən il bu göstərici 90,1 faiz təşkil etmişdir. İqtisadçı-ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək, 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.

Regionların

inkişafında qeyri-neft sektorunun rolu

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də regionların inkişafıdır. Məhz bu səbəbdən də, dövlət başçısı gözlənilən neft gəlirlərinin qeyri-neft sektorunun, o cümlədən regionların sosial-iqtisadi inkişafına yönəldilməsinin vacibliyini önə çəkirdi. Qeyd edək ki, dövlət proqramlarında bölgələrin potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, eləcə də yeni emal və istehsal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsalın genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulur. Onu da vurğulamaq lazımdır ki, həyata keçirilən dövlət proqramlarının icrası Prezident İlham Əliyevin şəxsi nəzarəti altındadır. Deyilənlərin bariz nümunəsi ötən ildə dövlət başçısı Sumqayıt və Mingəçevir şəhərlərində, Naxçıvan MR-də, eləcə də Qusar, Bərdə, Astara, Lənkəran, Şabran, Siyəzən, Xızı, Kürdəmir, Ucar, Göyçay, Cəlilabad, Ağsu, Zaqatala və Şəki rayonlarında bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub. Qeyd edək ki, üçüncü Dövlət Proqramının icrası çərçivəsində isə, 2014-2015-ci illərdə ölkədə 15,4 min yeni iri müəssisə yaradılmış, 189,1 mini daimi olmaqla 237,3 min iş yeri açılmışdır.

Eyni zamanda, ölkə başçısının müvafiq sərəncamları ilə qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlara dəstək vermək, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq üçün bu gün Neftçalada Sənaye Məhəlləsi və Mingəçevirdə Sənaye Parkı yaradılır. Bundan başqa, Prezident İlham Əliyev müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi-tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədilə Mingəçevir Yüksək Texnologiyalar Parkının, həmçinin, əlvan metal filizi yataqlarının öyrənilməsi, işlənməsi və idarə olunması üçün "AzerGold" QSC-nin yaradılması barədə Fərman və Sərəncam imzalamışdır.

Bütün bu və digər tədbirlər regionlarla bərabər qeyri-neft sektorunun da inkişafını sürətləndirməyə hesablanmışdır. Dövlət başçısı bütün çıxışlarında da regionların inkişafının daima diqqət mərkəzində olduğunu bildirib: "Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün özünü birtərəfli iqtisadiyyat kimi göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə, qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir".

Göründüyü kimi, dövlət başçısının, məhz belə praqmatik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün özündən asılı olmayan səbəblər üzündən yaranan bütün çətinliklərdən ağrısız və fəsadsız çıxmağı bacarır.

Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanır və həyata keçirilən çoxşaxəli islahatlar və güclü dövlət dəstəyi də qeyri-neft sektorunun milli iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilməsi prosesinə öz töhfəsini verəcək.

Ü.ƏSGƏROV

Digər xəbərlər