İlham Əliyev: "Bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq"
Bu gün Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutmasının əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ölkəmizin müstəqilliyinin qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edən Azərbaycan dövlətinin hərbi-sənaye kompleksinin təməlinin qoyulması və inkişafı da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyinin ilk illərində, bütövlükdə tənəzzülə uğramış Azərbaycan Respublikasının iqtisadiyyatı, o cümlədən müdafiə sənayesi 1993-cü ildən sonra dirçəlməyə başladı. Belə ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişərək, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi.
Vətənin müdafiəsini təmin edən ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi məqsədilə 2003-cü ildə "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edildi. Bu proqramda ölkəmizin hərb sahəsinin kənardan asılılığının azaldılması və ordumuzun yerli məhsullarla təminatı nəzərdə tutulurdu. Bu gün artıq Azərbycanın hərbi potensialı günbəgün artmaqdadır. Ölkənin iqtisadi gücü imkan verir ki, ordu quruculuğuna kifayət qədər diqqət ayrılsın. Bu da real həqiqətdir ki, Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər, aprel döyüşləri bunu bir daha təsdiq etdi. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ordu quruculuğunun dövlətimiz üçün daim prioritet olduğunu vurğulayan İlham Əliyev bildirib ki, aprel döyüşləri bir daha düzgün siyasət apardığımızı təsdiqlədi: "Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz, sadəcə olaraq, hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər. Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq".
Qeyd edək ki, həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı silah və sursatdan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı.
Hərbi-sənaye kompleksi 10 ildə minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edir
Qeyd edək ki, Azərbaycan Prezidentinin qərarı ilə yaradılan hərbi-sənaye kompleksi 10 ildən bir qədər artıq müddətdə minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edir. Bu da ordunun təchizatında mühüm rol oynayır, bu sahədə idxaldan asılılığı böyük dərəcədə dəyişir. Eyni zamanda, Azərbaycan hərbi məhsullarını ixrac edir. Bu gün Azərbaycan dünyanın aparıcı beynəlxalq sərgilərində öz məhsullarını nümayiş etdirir.
Ölkə Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Azərbaycanın müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə 2016-cı ildə də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində bir sıra yeni növ müdafiə təyinatlı silah və sursatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılır. Qeyd edək ki, 2016-cı ilin Müdafiə Sifarişində yaradılma bölməsində 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulur.
Dövlət başçısı İlham Əliyev 2015-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında çıxışı zamanı bildirmişdir ki, hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. "Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir", - deyən dövlət başçısı İlham Əliyev bildirib ki, uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi: "Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq".
Beləliklə, iqtisadiyyatın digər sahələri kimi, sənayedə, o cümlədən hərbi sənayedə də aparılan sistemli, müasir çağırışlara cavab verən siyasət nəticəsində əldə olunan nailiyyətlər, bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara, qarşıya qoyulan əsas hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla irəliləyir.
RƏFİQƏ KAMALQIZI