Tanınmış siyasətçilər önəmli fikirlərlə çıxış etdilər
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam, əsasən, sentyabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Konstutsiyasına edilən son dəyişikliklərdən 7 il ötür. Bu müddət ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və sözsüz ki, bu gün təklif edilən dəyişkiliklər də baş verən inkişafdan irəli gəlir.
Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də, məhz Azərbaycan çıxış edir. Məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsinin, birbaşa olaraq, heç bir subyektdən asılı olmadığını da təsdiq edir.
Bu gün tam cəsarətlə demək olar ki, aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Dövlətimizin başçısı İlham Əliyev daim öz çıxışlarında bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Ona görə də də referendum layihəsi də bu sıralamada əsaslılıq təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin son illərdə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq qurumların, dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir. Qarşıda isə Azərbaycan dövlətini və xalqını növbəti uğurlar və irəliləyişlər gözləyir. Biz bunu referendumdan sonrakı müddətdə daha bariz şəkildə görə biləcəyik.
Əli Əhmədov: "Referendumun keçirilməsi böyük hədəflərə yönəlib"
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmiz o proseslərin təsirindən sığortalanmayıb: "Nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan, bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil. Beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər. Dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini, sadəcə olaraq, qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması, təbii olaraq, siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür".
YAP-ın Sədr müavini onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Konstitusiyada bəzi dəyişikliklərin edilməsilə əlaqədar referendumun keçirilməsi təşəbbüsü buradan qaynaqlanır: "Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət mili-dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Bir sözlə, konstitusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır".
Ziyafət Əsgərov: "Hər bir referendum aktı xalqın inkişafının göstəricisidir"
Milli Məslisin sədrinin birinci müavini Ziyafət Əsgərov referendum aktının xalqın iradəsinə cavab verən sənəd olduğunu bildirib: "Ümumiyyətlə, hər bir cəmiyyətin həyatında dəyişikliklər vacibdir. Azərbaycan xalqını maraqlandıran hər bir məsələ referenduma çıxarıla bilər. Amma bu, müəyyən istisnalarla baş verə bilər. Elə məsələlər var ki, onlar konstitusiya səviyyəsində həll olunmalıdır".
Milli Məclis sədrinin birinci müavininin sözlərinə görə, ümumiyyətlə, dünyada referendumun özünün bir neçə forması var: "Azərbaycanda isə bu formalar tam tələblər səviyyəsində həyata keçirilib. Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə son illər inkişaf o qədər sürətlə gedir ki, biz artıq dəyişikliklər etməliyik. Referendum aktı xalqın iradəsinə cavab verən hüquqi sənəddir. Bu referendumda xalq, biləvasitə, yaxından iştirak edir. Hər bir Referendum Aktı xalqın inkişafının göstəricisidir".
Akif Əlizadə: "Referendum Aktı ölkəmizi daha müstəqil, demokratik, müasir və təhlükəsiz dövlətə çevirəcək"
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə konstitusiyaya edilən dəyişikliyin Azərbaycanın yeni bir mərhələdə dinamik inkişafına təməl olacağını bildirib: "Ulu Öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun tərzdə zənginləşdirərək, ölkənin müasir dövlətə çevrilməsinə və tam müstəqil siyasət yürütməsinə nail olmuşdur. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu davam etdirilmiş, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına xidmət edən mühüm addımlar atılmışdır. Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksələrək, müasir çağırışlara tam cavab verir. Dünyada gedən siyasi proseslər, müasir dövlət idarəçiliyi, iqtisadi islahatlar, insan hüquqlarının qorunması, dövlətin təhlükəsizliyinin təminatı və s. ölkənin konstitusiyasını da yeniliklərə uyğunlaşdırmağa sövq edir. Mən qeyd etdiyiniz Sərəncamla məmnunluqla tanış oldum. Hesab edirəm ki, bu, Azərbaycanda aparılan demokratik islahatların, bir model kimi, inkişafının yeni mərhələsidir. Cənab Prezidentin bu Sərəncamı hərtərəfli düşünülmüş sənəddir. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı müasir zamanın tələbinə hesablanmış təkliflərdir. Cənab Prezident tərəfindən irəli sürülmüş konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı ölkəmizi daha da müstəqil, demokratik, müasir və təhlükəsiz dövlətə çevirəcək. Heç şübhəsiz ki, Azərbaycanın yeni bir mərhələdə dinamik inkişafına təməl olacaq.
Siyavuş Novruzov: "Keçiriləcək referendum, təklif edilən konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafının göstəricisidir"
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, hər bir xalq referendum yolu ilə öz qanunvericiliyinə, Əsas Qanununa əlavə və dəyişikliklər edir: "Refendumun əsas mahiyyəti bundan ibarətdir. Azərbaycan sürətlə inkişaf edir və inkişaf baxımından dünyada öncül sıradadır. Ölkəmizdə sosial problemlərin həll olunması, insanların rifah halının yaxşılaşdırılması qanunvericilikdə də sosial ədalət prinsipinin əsas prinsip kimi ifadə olunmasını şərtləndirir. Ümumiyyətlə, yaradılan, qurulan, tikilən hər bir şey insan üçündür. İnsan hüquq və azadlıqları da bizim konstitusiyamızın əsas meyarıdır. Bu baxımdan da, konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin böyük hissəsi, insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Qalan digər müddəalar dövlət strukturlarının, siyasi sistemin təkmilləşdirilməsi, yeni institutların yaradılması, prezidentli müddətinin, seçkili orqanlarda yaş senzinin dəyişdirilməsi ilə əlaqədardır. Bütövlükdə, təklif edilən əlavə və dəyişikliklər demokratik prinsiplərə uyğundur, insanların maraqlarına cavab verir. Bütövlükdə, keçiriləcək referendum, təklif edilən konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafının göstəricidir".
Beləliklə, konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş təşəbbüs hesab etmək olar.
RƏFİQƏ HÜSEYNOVA