PDF Oxu

Siyasət

  • 7

Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyə məcbur edilməlidir

Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyə məcbur edilməlidir

Elçin Mirzəbəyli: "Sarkisyan rejimi özünün mövcudluğunu və siyasi hakimiyyətini qorumağın yeganə yolunu münaqişənin saxlanılmasında görür"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan rejiminin qeyri-konstruktiv mövqe tutması səbəbindən, uzun illərdir ki, öz həllini tapmır. Bu da Azərbaycanı daha sərt tədbirlər görmək məcburiyyətində qoyur. Təbii ki, bu, baş versə nəinki işğal olunmuş ərazilər azad olunar, umumilikdə isə, Ermənistanın bir dövlət olaraq müstəqilliyinə son qoyula bilər. Bu faktın əsaslılığını 4 günlük aprel döyüşləri zamanı Azərbaycanın Silahlı Qüvvələri Ermənistana göstərə bildi. Mövcud reallığı dərk edən Ermənistanın havadarları mümkün qədər Azərbaycanı ciddi əməli addımlar atmaqdan çəkindirməyə çalışırlar. Bu məqsədlə də müxtəlif təkliflər və ideyalar irəli sürürlür. Ümumiyyətlə, münaqişənin mövcud olduğu illər ərzində hər il ATƏT-in Minsk Qurupuna daxil olan ölkələr yeni təkliflər irəli sürür və yeni ideyalar səsləndirirlər. Amma bu təkliflərə Ermənistan qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bildirdi: "Mövcud hərbi cinayətkar rejim özünün mövcudluğunu və siyasi hakimiyyətini qorumağın yeganə yolunun münaqişənin saxlanılmasında görür. Əgər Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, faktiki olaraq, S.Sarkisyan rejiminin və onunla bərabər hakimiyyətə yiyələnmiş cinayətkar xuntanın sonu olacaq. Bu baxımdan da, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinə əngəl törətməyə və prosesi ləngitməyə çalışır".

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə qədər təklif olunan bütün planların əsasında mərhələli həll planları dayanıb: "Bu da, faktiki olaraq, münaqişənin həllinə yönəlmiş ardıcıl addımların atılmasına imkan yaradır. Bütün bu prinsiplərlə bağlı, o cümlədən, yenilənmiş Madrid prinsipləri və son Kazan prinsipləri ilə bağlı Ermənistan öncədən razılıq verib. Amma sonradan irəli sürülən prinsiplərdən imtina edib. Bir sözlə, Ermənistanın mövqeyi ortalıqdadır".

"Ermənistanın işğalçılıq siyasətinin dayandırılması üçün beynəlxalq birliyin sanksiyalar tətbiq etməkdən çəkinməsi ikili standartların nəticəsi hesab etmək olarmı" sualına cavab olaraq, E.Mirzəbəyli bildirdi ki, beynəlxalq birliyin Ermənistanın işğalçılıq siyasətinə cavab olaraq iqtisadi-siyasi cəza üsulundan istifadə etməməsi, qəsbikar dövləti daha da arxayın salıb. İşğalçı ölkə hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanmasına çalışır: "Ermənistana qarşı dünyanın güc mərkəzləri təzyiqlər göstərməklə, konkret olaraq, sanksiyalar tətbiq etməlidilər ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına əməl etsin. Nəzərə alaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Yəni onlar Azərbaycan torpaqlarının azad olunması ilə bağlı qəbul olunan qətnamələrə səs veriblər. BMT Nizamnaməsinə görə, dövlətlərin ərazi bütövlüyü toxunulmazdır. Torpaqları işğala məruz qalan dövlət öz ərazi bütövlüyünü qorumaq üçün hərbi güc faktorundan istifadə edə bilər".

GÜLYANƏ

Digər xəbərlər