PDF Oxu

Siyasət

  • 7

Ermənistan işğal altında olan torpaqları tərk etməyə məcburdur

Ermənistan işğal altında olan torpaqları tərk etməyə məcburdur

Qabil Hüseynli: "Həmin torpaqlar Ermənistana yox, Azərbaycana məxsusdur"

Qondarma Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan iddia edib ki, Ermənistan işğal olunmuş əraziləri qaytarmaqla 1988-ci il vəziyyətinə qayıtmağa hazırdır. Onun bu fikirlərini erməni hiyləgərliyinin növbəti davamı kimi qiymətləndirənlər də var. Politoloq Qabil Hüseynli bizimlə söhbətində bildirdi ki, qondarma Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə nazirinin Ermənistanın işğal olunmuş əraziləri qaytarmağa hazır olması haqqındakı iddiasına inanmaq bir az çətindir: "Ermənistan hələ ki, 5 rayonun geriyə qaytarılmasına onun da mərhələ-mərhələ qaytarılmasına razıdır. Bir sözlə, Samvel Babayan səlahiyyətli şəxs deyil. Görünür, onun Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesindən xəbərdar deyil. Təbii ki, Ermənistan işğal altında olan torpaqları tərk etməyə məcbur olacaqdır. Çünki həmin torpaqlar Ermənistana yox, Azərbaycana məxsusdur".

Politoloq onu da bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qalmaqdadır: "Lakin hər dəfə nəticəsiz qalan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində aparılan danışıqlar davam etdirilir. Onsuz da Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması üçün əlindən gələn hər bir işi görür. Demək olar ki, hər zaman Ermənistan tərəfi çalışıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən danışıqları süni şəkildə pozmaqla vaxt udsun".

Q.Hüseynlinin sözlərinə görə, Ermənistan tərəf münaqişənin həll olunmasının vaxtını uzatmağa çalışır: "Ermənistan istəmir ki, Dağlıq Qarabağ münaqişəsi həll variantını tapsın. Təbii ki, bu, Ermənistanı müdafiə edən Rusiyanın maraqlarına uyğundur. Rusiya tərəf Cənubi Qafqazda öz maraqlarını qoruyub-saxlamaq üçün belə münaqişəli vəziyyətlərin dondurulmuş vəziyyətdə saxlanmasını istəyir. Çünki RF bunu özü açıq şəkildə bəyan edə bilməz. Ona görə də Rusiya, məhz Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanmasını Ermənistanın əli ilə edir. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Yəni bu münaqişənin həll olunmasına çalışan ölkədir. Amma reallıqda isə RF Dağlıq Qarabağ məsələsinin həllini bir o qədər də istəmir. Bu gün Ermənistanın bir ölkə kimi var olması Rusiyadan aslıdır. Bütün dünya ölkələri çox gözəl bilir ki, Rusiya tərəf işğalçı ölkəyə hərtərəfli yardımlar edir. Bunun qarşılığında da öz siyasətini həyata keçirmək üçün Ermənistandan bir alət kimi istifadə edir".

GÜLYANƏ

Digər xəbərlər