"Azərbaycan Respublikasında gözlənilən Konstitusiya dəyişikliyi ölkəmizdə bu quruluşun möhkəmlənməsinə, demokratik proseslərin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edəcək". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, təklif edilən əlavə və dəyişikliklərdə diqqəti çəkən məqamlardan biri Azərbaycanda idarəçilik sistemində yeni vitse-prezidentlik institutunun yaradılmasıdır ki, bu, ölkə prezidentinin idarəçilik sisteminə vermiş olduğu ən böyük töhfədir: "Bu, yenilik kimi qiymətləndirilməlidir. Vitse-prezidentlik institutunun yaradılması ölkə başçısının idarəçilik sisteminin sadələşdirilməsinə, təkrar, paralel strukturların aradan qaldırılmasına və eyni zamanda prezidentin səlahiyyətlərinə daxil olan vəzifələrin yerinə yetirilməsində şaxələnməyə xidmət edəcək. Əlbəttə bu, Azərbaycanda vətəndaş-məmur münasibətlərinin inkişafına təkan verəcək, həmçinin dövlət-cəmiyyət münasibətlərində də yeni keyfiyyət dəyişikliyi yaradacaq".Millət vəkili bildirib ki, ümumiyyətlə, Azərbaycan Respublikası prezidentinin daxili siyasəti Azərbaycan xalqının həyat şəraitinin yüksək səviyyədə təmin olunmasına yönəlib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər bütövlükdə icra strukturlarında, iqtisadi sferada yeni keyfiyyət dəyişiklikləri yaradacaq ki, bu da ölkəmizin dinamik inkişafına öz töhvəsini verəcək. Ölkənin dinamik inkişafı əhalinin həyat şəraitinin yüksək səviyyədə olması deməkdir. Bu iki amil bir-birilə sıx bağlıdır".
sia.az