PDF Oxu

Siyasət

  • 12

Sarkisyanın utopik siyasəti

Sarkisyanın utopik siyasəti

Ermənistan məhvə doğru

Ermənistanda baş verənlərin əsas səbəbi nə idi? İlk baxışdan, belə rəy yaranır ki, əhali hansısa problemlə bağlı etiraz aksiyaları keçirir. Əslində isə, məsələyə diqqətlə yanaşdıqda, tamam başqa mənzərə görürük. Əslində, nə baş verir? Baş verən etirazlar Qərbin uğursuz rəngli inqilab cəhdi idi, yoxsa Serj Sarksyanın düşdüyü mürəkkəb siyasi vəziyyətdən çıxmaq üçün qurduğu oyun?

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ cəbhə xəttində aprel ayında baş vermiş toqquşmalardan sonra Rusiyanın təşəbbüsü ilə münaqişənin həlli ilə bağlı danışıqlar yenidən intensivləşdi. Nəticədə, Rusiya Azərbaycanın işğal olunmuş torpaqlarının bir hissəsinin azad oluması ilə bağlı Serj Sarkisyana tapşırıqlar verdi. Yaranmış bu situasiyadan erməni müxalifəti istifadə etməyə başladı. Belə ki, Ermənistanın siyasi arenasında təsirli mövqeyi ilə seçilməyən, çox zəif elektorata sahib olan Jirayr Sefilyan ara-sıra radikal bəyanatlar verməklə, hakimiyyət nümayəndələrinə öz varlığını xatırladırdı. Eyni zamanda, aprel döyüşlərindən sonra "Qarabağ uğrunda" müharibənin başlanmasını tələb edən və torpaqların geri qaytarılması ilə bağlı hər hansı güzəştlərin yolverilməz olduğunu bəyan edən J.Sefilyanın həbsindən sonra onun tərəfdarları silahlı insident törətməklə, Ermənistan daxilində ciddi etirazların olduğunu Rusiyaya nümayiş etdirmək istədilər.

Hadisələrin səhərisi günü S.Sarkisyan baş vermiş hadisəni dövlətin dayaqlarına zərbə kimi qiymətləndirib və heç kimin dövlətçiliyə zərər yetirməsinə imkan verilməyəcəyini qeyd edib.

Baş verənlər Sarkisyan Rusiyanın gözündə əvəzolunmaz rəhbər, sabitliyin təminatçısı kimi qələmə verilməsinə şərait yaradır. Beləliklə də, Moskvaya dolayı yolla mesaj ötürülür ki, S.Sarkisyan prezident kürsüsünü itirərsə, hakimiyyət ya Amerika yönümlülərin, ya da terrorçuların əlinə keçə bilər. Terrorçular isə regionda, yəni Rusiyanın cənub sərhədində, Qafqazada (!!!) sabitliyin pozulmasına səbəb ola bilərlər. Bu yolla Sarkisyan çalışır ki, Qarabağ münaqişəsinin tənzimlənməsində Moskva onun iradəsiylə hesablaşsın.

Sözügedən məsələ ilə bağlı erməni politoloqları Sarkisyan hakimiyyətinin tənəzzül dövrünü yaşadığını bildirirlər.

Ahoran Adibekyan: "Serjik diktaturası artıq özünün tənəzzül dövrünü yaşayır"

"Vahid Ermənistan" blokunun həmsədri Ahoran Adibekyan bildirib ki, ölkənin bu vəziyyətə düşməsinin səbəbi, ilk öncə siyasi mühitlə yanaşı, iqtisadi çətinliklərin olmasıdır və bunun da səbəbkarı Sarkisyan diktaturasıdır: "Tanrı onu sanki Hayastana bəla göndərib. Ailələr yoxsulluq girdabında boğulur. Son 5 ildə evlənmə yaş həddi 24-dən 27-yə düşüb. O, rusiyayönlülüyü ilə, ölkə iqtisadiyyatına heç bir alternativ buraxmadı. İndi də Rusiyanın halını görürsünüz. Sarkisyan utopik siyasət yürüdür. Bu gün Ermənistan iqtisadiyyatının real sektorunda xarici investisiyanın həcmi 395,6 mln. dollar təşkil edib ki, bu göstərici 2015-ci ilin analoji dövrü ilə müqayisədə 35,7%-dək azalıb. Birbaşa xarici investisiyaların həcmi 155,1 mln. dollar təşkil edib ki, bu da 62,1%-dək azalma deməkdir. Bu faktları Ermənistan Milli Statistika Xidməti açıqlasa da, reallıqda vəziyyət daha pisdir. Hadisələr göstərir ki, Yerevan xaricdən investisiya baxımından maraqsız, perspektivsiz məkana çevrilir. Bütün bunlar ölkə iqtisadiyyatının tam çökməsindən xəbər verir".

Levon Zurabyan: "Sarkisyan hakimiyyəti ölkəni katostrofik təhlükələrə sürükləyir"

Mitinqdə Sarkisyanın ünvanına ittihamlar yağdıranlardan biri də Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan olub. O, bildirib ki, 2008-ci il erməni xalqın məhv olduğu gündür: "2008-ci ildən etibarən erməni xalqı məhv olma mərhələsinə qədəm qoydu. Sarkisyanın hakimiyyətdə qalması ölkəni katastrofik təhlükələrə doğru sürükləməkdədir. Bu baxımdan, yeganə çıxış yolu onun hakimiyyətdən istefa verməsidir".

Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət nəzarətdən çıxmaq üzrədir. Hətta onu da ehtimal etmək mümkündür ki, Sarkisyan bu və ya digər mənalarda hakimiyyəti əldən verməmək üçün yenidən xalqa qarşı silah çevirə bilər. Bunu qaniçən prezidentdən gözləmək olar.

Bütün bunlara rəğmən, görünən odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir. Erməni saytlarının verdiyi məlumatlarda göstərilir ki, vəziyyət getdikcə daha da pisləşir. İnsanların ölkəni tərk etmələrinə səbəb isə, əsasən, işsizlik deyil, həm korrupsiya və rüşvət hallarının durmadan artması, həm də idarəçilikdə süründürməçilik, ictimai, sosial və mənəvi problemlərdir. Bundan başqa, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Bu isə, onun prezident kreslosuna əlvida yozumuna gəlir.

Beləliklə, baş verən proseslər, onu sübut edir ki, indi S.Sarkisyan danışıqlarda konstruktiv mövqe nümayiş etdirmək istəyir və artıq bu yolun doğru olduğunu anlamağa başlayıb. Ancaq Ermənistanda Sefilyan kimi elə qüvvələr də var ki, onlar Azərbaycanla heç bir kompromisə getmək istəmirlər. Bu baxımdan da, indi S.Sarkisyanın müxtəlif manevrlər edir ki, vəziyyətdən çıxsın. O baxımdan, bu gün Sarkisyan hakimiyyətinin vəziyyəti o qədər pisdir ki, onların əvəzinə, hətta sevinmək belə mümkün deyil.

Beləliklə də, yaranmış bu vəziyyət Ermənistan prezidenti Sarkisyanın apardığı utopik siyasətin nəticəsidir. Bu siyasətlə Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası, beynəlxalq hüquq normalarına etinasızlıq Ermənistanı ciddi böhrana doğru aparır və müstəqil dövlət kimi mövcudluğunu böyük sual altına qoyur. Öz paytaxtında bir qrup terrorçunu uzun müddət zərərsizləşdirə bilməyən və terrorçularla siyasi dialoqa girən bir hakimiyyətin və rejimin sonu, əlbəttə ki, acınacaqlı olmalıdır.

A.SƏMƏDOVA

Digər xəbərlər