Rüstəm Məmmədov: "Rusiya Azərbaycanın problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyir və edəcək də"
Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri daha da inkişaf edərək, strateji müttəfiqlik müstəvisinə yüksəlib. Bu da hərbi gücünə görə dünyanın aparıcı dövlətlərindən olan Rusiyanın işğal altında olan Dağlıq Qarabağın sülh yolu ilə azad edilməsinə dəstək verəcəyinə ümidləri artırır. Çünki işğalçı Ermənistan bir növ Rusiyanın təsiri altında olan yarım azad dövlətdir. Rusiyanın istəyi və bunun fonunda Sarkisyan rejimindən tələbi olarsa, çox şübhəsiz ki, münaqişənin həllinə nail olmaq olar. Səbəbsiz yerə siyasi şərhçilər "Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır" demirlər ki. Politoloq Rüstəm Məmmədov da o fikirdədir ki, Rusiyanın istəyi əsasında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşalda bilər. Politoloq "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Rusiya prezidenti Vladimir Putin son dövrlərdəki proseslərdən özü üçün çıxış yolu tapıbdır: "Vladimir Putinin əsas məqsədi Yaxın Şərqdə baş verən qanlı hadisələrdə öz mövqeyini qoruyub-saxlamaqdır. Bu mənada, Rusiya Azərbaycanı özünə müttəfiq bilir. Buna görə, Rusiya Azərbaycanın problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyir və edəcək də. Çünki V.Putinin başqa variantı yoxdur. Əgər Rusiya tərəfi Azərbaycana bu məsələdə köməklik etməsə, Azərbaycanla münasibətlərdə soyuqluq yarana bilər. Bu baxımdan, inandırıcı görünmür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəməməsin. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ölkə olan Ermənistanın yox, Azərbaycanın yanında olacaqdır".
R.Məmmədovun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi təəccübə və təəssüfə səbəb olmaqdadır: "Yəni hələ də Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasının əsas səbəbi dünya ictimaiyyətinin ikili mövqedən yanaşmasıdır. Bu baxımdan da, burada işğalçı ölkəyə qarşı hansısa cəza tətbiq olunmalıdır. Bu cəza iqtisadi-siyasi yönümlü sanksiyalar ola bilər.
"Avropa İttifaqından və BMT-dən işğalçılıq siyasətinə görə, Ermənistana cəza verilməsini gözləyirsinizmi" sualına cavab olaraq, R.Məmmədov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Həmin qətnamələrdə işğalçı Ermənistanın adı konkret olaraq çəkilmir. Bu, özü-özlüyündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə çox böyük mənfi təsir göstərən amildir. Bu baxımdan, qeyd etdiyim kimi, münaqişəni ancaq Rusiya həll edə bilər. Təbii ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı layiq olduğu cəza verilməlidir. Yəni Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, dünya birliyi bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməli idi. Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur".
GÜLYANƏ