PDF Oxu

Siyasət

  • 6

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir

Azərbaycanın təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Beynəlxalq aləmdə ölkəmizin imicinin yüksəldilməsində, onun təqdimində görülən işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq, saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda, belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin, dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: "İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə, sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". Mən siyasətlə məşğul olmuram, sadəcə, insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin". Əslində, onun gördüyü işlər Azərbaycanı yaşatmaq siyasətidir, Azərbaycanı tanıtmaq siyasətidir, Azərbaycanı olduğu kimi dünya panoramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir və mənəvi dünyasının qapılarını onların üzünə açır.

Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına gözəl imkanlar yaradır. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən, Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal Sarayını bərpa edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində belə deyir:"Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin, Vatikan Arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir".

Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Onun "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir, hətta xarici dövlətlərdə belə elmə və təhsilə diqqət göstərir. Belə ki, fondun təşəbbüsü ilə Yəhudi Təhsil Mərkəzi, Fransız Məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.

Ümummilli Lider Heydər Əliyevin adını daşıyan, Onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən fondun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" Proqramı çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də, xüsusilə, önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo-Nordisk şirkəti ilə birgə layihənin icrasına başlanandan bəri, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər mövcud olan problemlər aradan qaldırılmışdır.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən, Onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycanın Birinci Xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsasını qoyduğu Heydər Əliyev Fondu ilə bağlıdır. Fond, mütəmadi olaraq, xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir.

Azərbaycanın Birinci Xanımı səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə fundamental töhfələr verir. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda, qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq, muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Heydər Əliyev Fondu ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Fondun dəstəyi ilə paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmışdır. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib.

Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban xanım Əliyeva. Hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur. "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir" - deyir, Mehriban Əliyeva. Gecəli-gündüzlü əmək, fəaliyyət Azərbaycanla, doğulub, boya-başa çatdığı məmləkətlə bağlıdır.

Mehriban xanım Əliyeva Milli Məclisin deputatıdır. Bu da Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır. Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya böyük etimad göstərilir. Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban Əliyevanın YAP-ın Sədr müavini vəzifəsinə irəli sürülməsi Mehriban Əliyevaya göstərilən daha bir etimad idi. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olunub.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihə xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü insan haqlarına humanist yanaşma kimi qiymətləndirildi. Ailələrə böyük sevinc bəxş etdi.

Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru inamla addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq, həyat missiyasını gerçəkləşdirir.

Əməlləri ilə nümunə olan Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir insan kimi Azərbaycanın qapısını dünyaya açıb. Hələ Mehriban xanım Əliyevanın vərəqləyəcəyi çox, lap çox məqamlar var. Onların hər biri Azərbaycanla bağlıdır.

Ölkə həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.

Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanın Birinci Xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bu isə, o deməkdir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər və təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. YUNESKO-nun xoşməramlı səfiri tituluna, "Yaqut Xaç" ordeninə, "Şərəf Legionu" ordeninə, "Qızıl ürək" beynəlxalq mükafatına, "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, "Türk dünyasına xidmət" mükafatına, "2014-cü ilin ən nüfuzlu qadını" adına layiq görülməsi və onlarla mükafatlara və adlara layiq görülməsi Onun əməyinin qiymətidir.

Bu gün Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsi respublikamıza yeni beynəlxalq imic gətirdi. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva daha bir möhtəşəm uğura imza atdı. "Eurovision-2012" Mahnı Müsabiqəsi bizə nə verdi? Bu müsabiqə bizi daha müasir və olduğumuzdan yaxşı olmağa sövq etdi. Biz dünyaya, dünya da bizə daha yaxın oldu. Eləcə də, ötən ilin iyun ayında ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik etdi. Onun rəhbərliyi ilə bu oyunlar çox yüksək səviyyədə təşkil olundu və Azərbaycanın tarixinə daha bir məhtəşəm nailiyyət kimi daxil oldu.

"Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edildi.

Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. O, ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər