PDF Oxu

Siyasət

  • 13

Xalq-hakimiyyət qarşıdkrması

Xalq-hakimiyyət qarşıdkrması

Bu, Sarkisyanın əqli hakimiyyyətinin sonu deməkdir

Heç şübhəsiz ki, arxada qoyduğumuz hər həftə Yerevanda vəziyyətin daha kriminal hal alması ilə bağlı məlumatlar verilir. Belə ki, məlum olduğu kimi, iyulun 17-də səhər saatlarında Yerevanda, Erebuni rayonunda Ermənistan polisinin patrul-mühafizə alayına hücum edilib. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin hücumu nəticəsində, alayın ərazisində 7 polis girov götürülüb. Erebuni rayonunda polis patrul-mühafizə alayına basqın edən şəxslər silahlı qiyamın başlandığını bildirib, hakimiyyətdən istefa verməyi tələb ediblər. Basqın iştirakçıları iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın azadlığa buraxılması tələbini səsləndiriblər.

Ermənistanda baş verən son hadisələrə aydınlıq gətirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhəmədoğlu bildirib ki, bütün baş verənlər Sarkisyanın oyunudur.

Mübariz Əhmədoğlu: "İşğalçı ölkənin vətəndaşlarının hakimiyyətə qarşı inamları tükənib"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhəmədoğlu Ermənistanda baş verənləri Sarkisyanın oyunu hesab edir: "Ermənistanda baş verən hadisələr Sarkisyanın Jerayr Səfilyanın komandası ilə birgə qurduğu oyundur. Həm də Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi var. Baxın, Serj Sarkisyan Qarabağ danışıqları üçün Sankt-Peterburqa gedərkən, qondarma qurumun rəhbəri Bako Saakyanla görüşdü. İşğal etdikləri beş rayonun qaytarılması və Dağlıq Qarabağ üçün mərhələli danışıqlar məsələsi müzakirə edildi. O zaman Səfilyan və onun komandası buna etiraz etdi. Sarkisyan da Səfilyan və ona yaxın olan insanların evində axtarış apartdırdı. Bir neçəsini həbs etdirdi. İndi də baş verənlər bunun üstündədir. Görünən odur ki, prezident Sarkisyan Səfilyanın komandası ilə oyun qurub. Məqsəd də odur ki, Putin və Olland Sarkisyandan Dağlıq Qarabağ problemlərinin həlli istiqamətində irəliləyiş barədə heç nə soruşmasın, hesabat istəməsinlər. Soruşsalar da bildirsin ki, ölkə əhalisi narazıdır".

M.Əhmədoğlu, həmçinin, Ermənistanda böyük çoxluğun Sarkisyan rejimindən narazı olduğunu da vurğuladı: "Yaşanan olaylar bir daha onu göstərdi ki, işğalçı ölkənin vətəndaşlarının hakimiyyətə qarşı inamları tükənib. Dövlətin onurğa sütunu hesab edilən polisə hücumlar edilir. Bütün bunlar, bir daha Ermənistanda demokratiya sahəsində də ciddi böhran yaşandığını, bu ölkədə insan hüquqlarının hakimiyyət tərəfindən kobud şəkildə pozulduğunu, söz və fikir azadlığına heç bir məhəl qoyulmadığını göstərir".

İşğalçı ölkədə siyasi-iqtisadi böhranın miqyası genişlənir

Xatırladaq ki, hazırda Ermənistanda siyasi-iqtisadi böhranın miqyası genişlənir. Bu, miqrasiya sahəsində özünü daha qabarıq büruzə verir. İşğalçı ölkənin miqrasiya xidmətinin verdiyi rəsmi məlumata görə, təkcə ötən il ərzində respublikanı 16 min vətəndaş tərk edib. Amma qeyri-rəsmi məlumatlara görə, həmin rəqəm 50 mindən çoxdur.

Yeri gəlmişkən, 2016-cı ilin ikinci yarısında BMT-nin ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə göstərilir ki, hazırda 3 milyon 18 min nəfər əhalisi olan Ermənistanda bu göstərici 2030-cu ildə 2 milyon 992 min nəfərə, 2050-ci ildə isə 2 milyon 729 min nəfərə qədər azalacaq.

Ermənistan Milli Statistika Xidmətinin əhalinin siyahıya alınması şöbəsinin müdiri Karine Kuyumçuyanın mətbuata verdiyi məlumata görə, son beş ildə ölkə əhalisi 35,9 min nəfər, müstəqillikdən bu günə qədər isə 634,7 min nəfər azalıb. Azalma, əsasən, İrəvan, Lori və Şirak əyalətlərində müşahidə edilib.

Rusiya Federal Miqrasiya Xidmətinin Yerevandakı nümayəndəliyinin yaydığı xəbər də Ermənistanda demoqrafik vəziyyətin acınacaqlı olmasından xəbər verir. Bildirilir ki, bu ilin may ayına olan məlumata görə, hazırda Rusiya ərazisində 472 min Ermənistan vətəndaşı yaşayır. Bununla da, Ermənistan əhalisinin 17,2 faizinin Rusiyada yaşadığı aydın olur. Yeri gəlmişkən, hazırda Ermənistanın 2,9 milyon vətəndaşı var.

Maraqlıdır ki, Ermənistanın rəsmi şəxsləri də bu faktı artıq gizlədə bilmirlər və açıq şəkildə etiraf etmək məcburiyyətində qalıblar. Eyni tendensiya Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda da müşahidə edilir. Yaranmış gərgin durum Ermənistan ordusunda baş verməkdədir. Sabiq hərbçi Arman Poqosyan "Kavkazskiy uzel"ə bildirmişdir: "Ermənistan ordusunda kriminal aləmin qanunları hökm sürür. Orduda kriminalın "yazılmamış qanunları" var və bu qanunları pozanları sərt cəza gözləyir. Əsas münaqişələr isə zabitlərlə əsgərlər arasında olur. Əksər hallarda zabitlərin davranışı və reaksiyası əsgərin törətdiyi əmələ adekvat olmur. Əsgərlər arasında da qanlı haqq-hesablar baş verir. Belə hadisələr bütün hallarda postlarda xidmət çəkən əsgərlərin qulluq etdiyi hissələrdə özünü göstərir".

Ermənistanın müxalifətçi deputatı Nikol Paşinyan ölkədə yaranmış bu kriminal durumun günahkarının Sarkisyan olduğunu bildirib və vurğulayıb ki, indi alayda, qəsəbədə, Yerevanda, Ermənistanda hər kəsin həyatı təhlükə altındadır. Bu vəziyyət onlarla, bəlkə də yüzlərlə insan üçün birbaşa təhlükədir.

Parlament üzvü hesab edir ki, onlar bu insanların həyatını xilas etmək, yeni qurbanlar verilməsinin və Yerevanda güllə atılmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Paşinyanın danışıq apardığı qiyamçıların təslim olmağa hazırlaşmadıqlarını və polisin müdaxiləsi zamanı müqavimət göstərməyə hazır olduqlarını da vurğulayıb. Bildirib ki, yaramış vəziyyət Ermənistan prezidenti üçün müsbət heç nə vəd etmir.

Göründüyü kimi, indiki vəziyyətdə Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyi də yüksəldir. Ölkənin sosial problemlərini aradan qaldırmaq üçün kifayət qədər siyasi-iqtisadi resurslara malik olmaması isə hakimiyyətlə xalq arasında qarşıdurmanı gücləndirir. Elə bu səbəbdən, hakimiyyətin xalq tərəfindən devrilməsi və bunun yaxın zamanda baş verməsi qaçılmaz sayılır.

A.SƏMƏDOVA

Digər xəbərlər