PDF Oxu

Siyasət

  • 7

Göyçay rayonunda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Göyçay rayonunda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Dünən Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda seminar-müşavirə keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Seminar-müşavirədə əvvəlcə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin, ideoloji prinsiplərin ana xəttini Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir: "Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan islam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan islam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərlərə sahib ölkələrdən biri kimi islamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir."

Konfransda Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək, Azərbaycanda dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə həmin münasibətlərin, bütün hüquqi dövlətlərdə olduğu kimi, qanunlarla tənzimləndiyini vurğulayıb. Bildirib ki, ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir.

Daha sonra Milli Məclisin deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Göyçayın "Yuxarı məscid" dini icmasının sədri Rəsul Kazımov çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Seminar-müşavirədən sonra komitə sədri M.Qurbanlı Göyçay şəhərindəki məscidləri ziyarət edib, dini icmaların fəaliyyəti ilə tanış olub, məscidlərə kitablar hədiyyə edib.

Ü.ƏSGƏROV

Digər xəbərlər