SİYASİ RAKURS
Hətta Yerevanda baş vermiş iyul hadisələri bu mövzunu üstələyə bilməyib
Ermənilər aprel savaşından sonra hələ də özlərinə gələ bilməməklə yanaşı, bu mövzu ölkə daxilində əsaslar sırasında qalmaqdadır. Hətta iyul ayında "Sasna-Srer" qruplaşmasının Ermənistanın paytaxtında yaratdığı səs-küy belə, aprel hadisələrini qabaqlaya bilməyib. Bu isə, belə deməyə əsas verir ki, Serj Sarkisyan iqtidarının üzərinə hompuş məğlubiyyət tozu daha da qalınlaşaraq, silinməz hala gəlib. Ümumiyyətlə, aprel müharibəsindən sonra işğalçı ölkədə yaşanan hadisələr -istər iqtisadi böhran, istər insanların kütləvi şəkildə ölkəni tərk etməsi və s. olaylar hələ uzun müddət davam edəcək.
Politoloq Aleksandr İskandaryan Rusiyanı qıcıqlandıracaq fikirlər səsləndirib və sonradan düzəlişlər edib
Müşahidə olunan məqamlardan biri də erməni mətbuatında artıq məğlubiyyəti etiraf edən bənzər fikirlərin bir-birini tez-tez əvəzləməsidir. Məsələn, Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan jurnalistlərlə söhbətində deyib ki, aprel müharibəsindən sonra Qarabaq münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş olunsa da, hazırda bu fəallıq görünmür. Maraqlıdır ki, aprel müharibəsinə qədər ATƏT-in Minsk Qrupu ilə bağlı heç vaxt mənfi fikirlər səsləndirməyən ermənillər indi bu qurumu, necə deyərlər, ağ yuyub, qara sərirlər. Bu baxımdan, İskandaryanın fikirləri də maraqlı görünə bilər. SİTAT: "Dördgünlük aprel müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallıq göstərirdilər. Onlar məsələnin həlli istiqamətində cəhdlər göstərərək, müxtəlif bəyanatlarla çıxış edir, fikirlərini bildirirdilər...Lakin münaqişənin həlli variantı yenə də həll olunmamış qaldı".
Ancaq erməni politoloq onsuz da son zamanlar Ermənistanın əlindən möhkəm qəzəb hissi keçirən, anti-Rusiya ab-havasından məmnun olmayan Rusiyanı qıcıqlandırmamaq üçün fikirlərində düzəlişlər edərək deyib ki, Minsk Qrupunda yalnız Rusiyanın fəallığı müşahidə olunur ki, həmin fəallıq nəticəsində aprel ayı ilə nisbətdə hazırda sərhədlərdə müəyyən sabitlik yaranıb. Təbii ki, Aleksandr İskandaryan bununla belə dolayı yollarla Rusiyaya əvvəlki kimi etibar etmədiklərini növbəti ifadələri ilə sübuta yetirmiş olub: "Lakin sülh əbədi olaraq qalmayacaq. Eskalasiya (burada Azərbaycanın hücumu nəzərdə tutulur - R.N.) mümkündür. Bunun qarşısını almaq üçün isə siyasi faktorlar və mexanizmlər yoxdur".
Seyran Ohanyanın mətbuat konfransına qatılan jurnalistlər niyə gülüşüblər?
Göründüyü kimi, Ermənistanda nala-mıxa döyəcləyən politoloqlar vəziyyətin onların xeyrinə olmadığını istər dolayı, istərsə də birbaşa münasibətdə etiraf edilrlər. Eyni zamanda, növbəti savaşın başlaması qorxusu ilə yaşayırlar.
Ancaq bu günlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın səsləndirdiyi fikirləri də diqqəti cəlb edib Məsələn, erməni nazir də jurnalistlərlə söhbətində deyib ki, cəbhə bölgəsində vəziyyət sakitdir və qarşı tərəflər çox az sayda silah işlədirlər. Ohanyan bu məsələdə Azərbaycan Silahlı Qüvvələrini ittiham etməyi unutmayaraq, deyib ki, guya ara-sıra atəşkəs rejimi pozulsa da, erməni tərəfi "başıpozuq" atəşlərə əhəmiyyət vermir.
Lakin Seyran Ohanyan kifayət qədər zəif və məğlub durumda olan erməni ordusu barədə yenidən "mif" yaratmağa çalışıb. Jurnslistin "İndiki vəziyyəti "fırtınalı qabaqkı" sakitlik kimi qiymətləndirmək olarmı" sualını cavablandıran erməni nazir Ermənistan silahlı qüvvələrinin "istənilən hərəkətlərə qarşı cavab vermək gücündə" olduqlarını deyib və...
Mətbuat konfransına qatılmış media təmsilçiləri Ohanyanın bu fikirlərini gülüşlə qarşılayıblar. Çünki aprel müharibəsinin qara buludları hələ də Ermənistan üzərində qalmaqda davam edir.
Göründüyü kimi, Ermənistan ictimaiyyəti demək olar ki, hər gün səksəkə və təlaş içərisində yaşayırlar. Artıq dövlət nümayəndələrinin havayı danışdıqları cəfəngiyyatlarla doymuş ictimai rəy, demək olar ki, qısa zaman kəsimində növbəti reallıqla - vaxtilə işğal olunmuş Qarabağ itkisi ilə qarşılaşmalı olacaqlar.
Rövşən NURƏDDİNOĞLU