"Azərbaycan və Türk diasporu daha sıx əməkdaşlıq etməli, inkişaf üçün birlikdə addımlamalıdır". Bunu Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman Polşadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşdə deyib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, Zəfər bayramı münasibətilə Türkiyənin Varşavadakı Səfirliyində təşkil olunmuş tədbir çərçivəsində Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və onun müavini Rəsul Məmmədovu qəbul edən İsmail Kahraman Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb. O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və Türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdır.
Polşada Azərbaycanlı Gənclər Şurasının təmsilçiləri isə, öz növbəsində, bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Yunus Emre İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirlmiş tədbirlər barədə qısa məlumat verilib: "Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı verdiyi haqsız qərarın digər ölkələrdə də təkrarlanmaması üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir".
NƏZAKƏT