İlham Əliyev: "Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır"
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapmasıdır. Bu baxımdan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində, ölkəmizdə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək müxtəlif sahələrdə qayğılarının yüngülləşdirilməsi üçün bu gün də istər dövlət büdcəsində, istərsə də Dövlət Neft Fondunda nəzərdə tutulmuş vəsaitlər hesabına davamlı tədbirlər həyata keçirilməkdədir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, başlıca problem olan mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, məcburi köçkünlər üçün indiyə qədər onlarla müasir yaşayış kompleksi salınıb, minlərlə ailə müasir tələblərə cavab verən mənzillə təmin olunub. Hesablamalara görə, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə ildə 1000 manatdan çox vəsait sərf edir.
Bütün bu faktlar, əsasən, o reallığı ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Ölkə Prezidenti bu məqama toxunaraq bildirmişdir: "Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır... Hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik".
Məcburi köçkünlər üçün Füzuli rayonu ərazisində salınan sayca 16-cı qəsəbədə və sonuncu fin qəsəbəsinin ləğvi ilə əlaqədar inşaat işləri uğurla davam etdirilir
Bu baxımdan, deyilənlərin məntiqi nəticəsi olaraq məcburi köçkünlər üçün Füzuli rayonu ərazisində salınan sayca 16-cı qəsəbədə və sonuncu fin qəsəbəsinin ləğvi ilə əlaqədar inşaat işlərinin uğurla davam etdirilməsidir. Rayonun ərazisində sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan bu qəsəbədə işlər hazırda sürətlə və yüksək keyfiyyətlə aparılır.
Qeyd edək ki, bu günədək ölkəmizdə 15 fin qəsəbəsi mövcud idi. Onlardan 14-ü artıq ləğv edilib, 15-ci fin qəsəbəsi isə bu il ərzində ləğv ediləcək və orada məskunlaşmış məcburi köçkünlər yeni tikilən bu müasir qəsəbəyə köçürüləcəklər. Layihəyə əsasən, qəsəbədə 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si dördotaqlı olmaqla 400 mənzil olacaq. Sifarişçi təşkilat kimi təyin olunmuş Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu tərəfindən inşa edilən yeni qəsəbənin ərazisində, həmçinin, 360 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilir, geniş yol-küçə şəbəkəsi inşa olunur. Qəsəbə qaz, su və işıqla ilə tam təchiz ediləcək ki, bu işlər də paralel şəkildə aparılır.
Bu kateqoriyadan olan insanlar üçün dövlət tərəfindən 94 yeni qəsəbə salınıb, onların ehtiyacları üçün 6 milyard dollar sərf edilib
Ümumiyyətlə, görülən tədbirlər nəticəsində, son 12 ildə bu kateqoriyadan olan insanlar üçün dövlət tərəfindən 94 yeni qəsəbə salınıb, onların ehtiyacları üçün 6 milyard dollar sərf edilib. Bu rəqəmin özü bir daha Azərbaycan dövlətinin, rəhbərliyinin hər zaman vətəndaşının yanında olduğunu, ən çətin günlərdə sonadək ona dayaq durduğunu əməldə daim sübut edir.
Bu mənada, Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamının önəmli xüsusiyyəti mənzil hüququ pozulan yüzlərlə insanın huququnun təmin edilməsi ilə bağlıdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq, 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 insanın mənzil hüququnun təmin olunması deməkdir. Eyni zamanda, 2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda, xüsusilə, ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq. Ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əmək qabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub.
Beləliklə, görülən bu işlər Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür.
Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və Onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün də uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər.
RƏFİQƏ KAMALQIZI