Referendum üzrə "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Kürdəmir rayon şöbəsinin yığıncağı keçirilib
Dünən "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Kürdəmir rayon şöbəsinin yığıncağı keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli referendum üzrə "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Kürdəmir rayon şöbəsinin fəaliyyətinin birinci mərhələsinin yekunları haqqında məlumat verərək, referendumun keçirilməsilə əlaqədar qarşıda duran vəzifələr haqqında danışıb.
A.Kərimli çıxışında bildirilib ki, referendumla əlaqədar rayon təşkilatının aparatında 19 nəfərdən ibarət qərargah yaradılıb: "Qərargahda fəaliyyət göstərəcək üzvlər və təşviqat kampaniyasında iştirak edəcək partiya fəalları, məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb. Qarşıdan gələn təbliğat-təşviqat kampaniyası müddətində rayonun idarə və müəssisələrində, qəsəbə və kəndlərində keçirilən görüşlərin qrafikləri onların diqqətinə çatdırılıb. Kampaniyanın müvəffəqiyyətlə aparılımasına köməklik məqsədilə seçki məntəqələrinin ərazilərində seçicilər arasında nüfuza malik olan şəxslər - ağsaqqallar, din xadimləri və ziyalılar müəyyənləşdirilmişdir. Dairə və məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslər müəyyən edilmişdir. Rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin təşkili üçün gənclərdən ibarət mobil qrup yaradılıb". A.Kərimli kampaniyanın uğurla başa çatdırılması və referendumda yüksək fəallığın təmin olunması istiqamətində görüləcək işlərlə bağlı yığıncaq iştirakçılarına tövsiyələrini verib.
Tədbirdə iştirak edən partiya fəalları Kürdəmir rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inandıqlarını diqqətə çatdırıblar.
R.HÜSEYNOVA