YAP Daşkəsən rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun rayon şöbəsinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qərargah üzvləri, YAP fəalları, gənclər, qadınlar və yaşlı nəslin nümayəndələri iştirak ediblər. 26 sentyabr 2016-cı il tarixə təyin edilmiş ümumxalq səsverməsinə (Referenduma) hazırlığın vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr, təbliğat materiallarının yerləşdirilməsinə hazırlıq, müşahidəçilərin üzərinə düşən vəzifələr, onlara aid olan sənədlərin hazırlanması və digər məsələlər geniş şəkildə müzakirə olunub.
Yığıncaqda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov və başqaları rayonda Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Ümumxalq səsverməsinin (Referendumun) keçirilməsinə hazırlığın mövcud vəziyyəti, seçki məntəqələrinin hazırki maddi-texniki təminatı, Məntəqə Seçki Komissiyalarının hazırlıq vəziyyətinin qənaətbəxş olduğu qeyd ediblər.
Bu sahədə hər bir partiya fəalının üzərinə düşən vəzifələrin layiqincə, yüksək səviyyədə və mütəşəkkilliklə yerinə yetirilməsi tapşırılıb.
Rayon ərazisində yerlərdə keçiriləcək mitinqlərin və görüşlərin qrafiki müzakirə olunaraq təsdiq olunub. Partiya fəalları əminliklə bildiriblər ki, həmişə olduğu kimi, bu kompaniyada da daşkəsənlilər hamılıqla iştirak edəcək, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti yüksək səviyyədə dəstəkləyəcəklər.
yap.org.az