PDF Oxu

Siyasət

  • 13

Qədim Alban məskəni - Qalatəpədə arxeoloji tədqiqatlar davam etməkdədtr

Qədim Alban məskəni - Qalatəpədə arxeoloji tədqiqatlar davam etməkdədtr

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ Ekspedisiyası bu ilin yay aylarında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Mil-Qarabağ Ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, düzən Qarabağda - Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən və ümumi sahəsi 26 hektar olan bu qədim yaşayış yerində araşdırmalar 2008-ci ildən aparılır: "Əvvəlcə 300 kvadratmetr sahədə 10 metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib. Burada orta əsrlərə aid bişmiş kərpicdən tikili qalıqları, antik dönəmdən qalma çiy kərpicdən möhtəşəm müdafiə sədlərinin bir hissəsi və ictimai bina üzə çıxarılıb. Abidənin yaxınlığındakı küp və torpaq qəbirlərdən ibarət nekropoldan əldə edilən arxeoloji materiallar Qalatəpə yaşayış məskəninin antik dövr təbəqəsinin tədqiqində mühüm rol oynayır".

Arxeoloq bildirib ki, burada 1D kvadratı adlandırılan sahədə qərb divarı önündə - 1,2 metr dərinlikdə iki, bəzi hissədə üç qat suvanıb üzərinə şirə çəkilmiş döşəmə qalığına rast gəlinib: "2D kvadratında isə həmin səviyyədə bir hissəsi döşəmədə qazılmaqla qurulan, içərisində xeyli kül qalığı olan ocaq yeri diqqəti cəlb edir. Diametri 0,85 santımetr olan və formaca konsentrik dairədən ibarət bu ocaq qurğusunun yan divarlarının qalınlığı 2 santımetr, hündürlüyü isə 0,27 santımetrdir. Möhkəmləndirmə məqsədilə yan divarların ətrafı 5-7 santımetr enində möhrə ilə əhatəyə alınıb və gillə suvanıb. Ocaq qurğusunun ətrafı təmizlənərkən 1,18-1,2 metr dərinlikdən bir ədəd qara cilalı kiçik küpə və ya dolça tipli qabın ağız hissəsi, qırmızımtıl qabın gövdə hissəsi əldə edilib. Bu nümunələr inkişaf etmiş orta əsrlərə deyil, daha erkən dövrə - IV-VII əsrlərə aid edilə bilər. Göstərilən qatdan aşağıda artıq şirli keramikaya rast gəlinmir".

Arxeoloqun sözlərinə görə, Qalatəpə arxeoloji dəstəsi 2016-cı ildə Ağcabədi rayonunun digər ərazilərində də kəşfiyyat-axtarış işləri aparıb. Minaxorlu kəndi yaxınlığında, Qarqarçayın yatağında erkən dəmir dövrünə aid təsərrüfat küpləri açılıb öyrənilib. Yeni Qaradolaq kəndinin ətrafında ellinizm dövrünə - e.ə. III-I əsrlərə aid küp qəbirlərindən ibarət nekropolun açılması da böyük maraq doğurur.

ZÜMRÜD

Digər xəbərlər