Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin yığıncağı keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova rayon şöbəsinin fəaliyyətinin birinci mərhələsinin yekunları haqqında məlumat verib, fəaliyyət proqramına uyğun olaraq, referendum keçirilməsilə əlaqədar qarşıda duran vəzifələr haqqında danışıb.
Yığıncaqda bildirilib ki, referendumla əlaqədar rayon təşkilatının aparatında 13 nəfərdən ibarət qərargah yaradılıb. Təşviqat kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb. Həmçinin, seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyən edilib, onlar arasında konkret iş bölgüsü aparılıb. Qərargahda ayrı-ayrı inzibati ərazilərin sosial xüsusiyyətləri öyrənilib, təşviqat kampaniyasında iştirak edəcək ağsaqqallar, ziyalılar müəyyənləşdirilib.
P.Mahmudova kampaniyanın uğurla başa çatdırılması və referendumda yüksək fəallığın təmin olunması istiqamətində görüləcək digər işlərlə bağlı da yığıncaq iştirakçılarına tövsiyələrini verib.
Daha sonra tədbirdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri, YAP Zərdab rayon təşkilatının şura üzvləri Gülağa İsgəndərov, Sara Soltanova, Vüsalə Kərimova, rayon Ağsaqqallar Şurasının sədri Mirağa Bağırov, "Tərəqqi" medalı, təqaüdçü Telman İsmayılov və digərləri görülən işlərlə bağlı fikirlərini bildirib, Zərdab rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.
R.KAMALQIZI