PDF Oxu

Siyasət

  • 4

Uğurlu sosial inkişafdan iqtisadi inkişafa doğru

Uğurlu sosial inkişafdan iqtisadi inkişafa doğru

İlham Əliyev: "Yeni iş yerlərinin açılması daimi proses olmalıdır"

Uğurlu sosial-iqtisadi inkişaf və əldə olunan uğurlarla ildən-ilə inkişaf edən Azərbaycan iqtisadiyyatı uzunmüddətli və dayanıqlı inkişafa hesablanıb. Bu istiqamətdə, son illər ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı qarşıda duran və əsas prioritetlərdən olan sosialyönümlü prinsiplərin tam şəkildə icrası ilə xarakterizə olunur. Bu, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, düşünülmüş və uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, ölkə iqtisadiyyatı və onun əsas hissəsi olan sosial sferada inkişaf ildən-ilə genişlənir. Təsadüfi deyil ki, Cənab İlham Əliyevin imzaladığı ilk sənədlər, məhz ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Artıq 12 ilə yaxındır ki, davam edən bu siyasət sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb.

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan axırıncı müşavirədə də dövlət başçısının fikirləri bunun bariz nümunəsidir: "İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır".

Sosial ədalət- bərabər sosial təminat sistemi prinsipi

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə daha çox diqqət yetirilir və həmin səbəbləri aradan qaldırmaq üçün konkret tədbirlər görülür, sənədlər imzalanır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, onların konkret dövlət proqramlarının icrası ilə təminatı da Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin vacib məqamlarındandır.

Dövlət başçısı çıxışlarında da bildirmişdir ki, gücülü sosial siyasət dayanaqlı inkişafın əsasının təşkil edir: "Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir". Belə istiqamətlərdən əsası, sözsüz ki, yeni iş yerlərinin açılmasıdır.

Ümumiyyətlə, iqtisadi inkişafında sosialyönümlü prinsipi əsas götürən dövlətin qarşısında duran mühüm vəzifələrdən biri bu yöndə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə əsaslanan, eyni zamanda ölkə və cəmiyyətdəki mövcud reallıqları nəzərə alan siyasətin həyata keçirilməsidir. Bazar iqtisadiyyatı şəraitində səmərəli sosial siyasətin həyata keçirilməsi isə sosial ədalət və əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə cəmləşdirməlidir. Bir məqamı da vurğulamaq lazımdır ki, sosial siyasət, eyni zamanda çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malikdir. Çünki burada həm konkret fərdə, həm də bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların yaranmasının qarşısının alınması, gözlənilən ziddiyyətlərin problemsiz həlli və ədalətin qorunması vacib şərtlər sayılır. Ölkə Prezident İlham Əliyev digər sahələrlə yanaşı, sosial sferada da həyata keçirilən siyasətdə bu prinsipi əsas götürür.

Yeni iş yerləri əhalinin sosial təminatı ilə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirir

Cənab İlham Əliyev hələ 2003-cü ildə prezidentliyə namizəd kimi çıxışlarında bəyan etmişdir ki, gələcəkdə sosial-iqtisadi fəaliyyətinin əsas hədəfi ölkədə işsizliyin kökünü birdəfəlik kəsmək olacaq. Qarşıdakı 5 ildə 600 min yeni iş yeri açmağa söz verən Cənab İlham Əliyev bu məqsədinə vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni iş yeri açıldı və yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə isə yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Bu gün isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən də azdır və işləmək istəyənlər üçün işsizlik problemi demək olar ki, yoxdur.

Üçüncü regional inkişaf Dövlət Proqramının icrasının birinci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında yeni iş yerlərinin açılmasına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu proses dayanmamalıdır: "Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun".

Bir məsələyə də diqqət yetirək: bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə, cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib. Hazırda gənclərin məşğulluğunun artırılması və müvafiq işlər davam etdirilir.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət əhalinin rifah halının yüksəldilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə, işsizliyin azaldılmasına və yeni-yeni iş yerlərinin açılmasına xidmət edir. Bu isə Azərbaycan dövlətinin apardığı sosialyönümlü iqtisadi siyasətin əsas nailiyyətlərindəndir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər