Dünən 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsinin yığıncağı keçirilib. Tədbirdə Ümumxalq səsverməsinə (referenduma) hazırlığın vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr, təbliğat materiallarının yerləşdirilməsinə hazırlıq, müşahidəçilərin üzərinə düşən vəzifələr, onlara aid olan sənədlərin hazırlanması və digər məsələlər geniş şəkildə müzakirə olunub.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsinin fəaliyyətinin birinci mərhələsinin yekunları haqqında məlumat verərək, fəaliyyət proqramına uyğun olaraq qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Rayon təşkilatının sədri yığıncaq iştirakçılarına seçicilərlə keçiriləcək görüşlər zamanı əsas məqsədin konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdən ibarət olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Yevda Abramov, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının rektoru Əli Allahverdiyev, Quba rayon Ağsaqqallar Şurasının üzvü Süleyman Aslanov, "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov qeyd ediblər ki, seçicilərin növbəti referendumda fəallığını təmin etmək əsas məsələlərdən biridir. Belə ki, seçicicilərə referenduma çıxarılan dəyişikliklər dolğun izah edilməlidir. Bunun üçün yığıncaqda iştirak edən hər bir nümayəndə bu məsuliyyəti hiss edərək, onun öhdəsindən layiqincə gəlməlidir.
Qeyd olunub ki, ümumxalq səsverməsi çox yüksək səviyyədə başa çatacaq və həmişə olduğu kimi, Quba rayonu səsvermənin faizinə görə respublikada ön sıralarda olacaq.
NƏZAKƏT