Referendumu Azərbaycan üçün demokratiya yolunda yeni bir mərhələ olacaq
Bu gün referendumla bağlı təbliğat-təşviqat kampaniyasına rəsmi start verildi.
Sentyabrın 26-na təyin edilmiş ümumxalq referendumun hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermənin başlanmasına 24 saat qalanadək aparılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
Növbəti Referendum Aktı Azərbaycanın demokratik inkişafında yeni tarixi səhifə açacaq
Hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması demokratik və azad səsvermə yolu ilə öz fikrini bildirməsidir. Bütün dünyada ümumxalq səsverməsi dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Müasir dövrdə səsvermə ilə bağlı demokratik institutların inkişafı hüquqi dövlətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Eyni zamanda, xalqın iradəsinin ifadəsinə çevrilən seçkilərin (referendum) demokratik, şəffaf, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, demokratik təsisatlara üstünlük verilməsindən, seçki sisteminin təkmilləşdirilməsindən, ilk növbədə, normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bu baxımdan, demokratik inkişafın, sivil münasibətlərin ayrılmaz hissəsinə çevrilmiş bu dəyərlər hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən, bu sahədə ciddi nailiyyətlərə imza atan Azərbaycanın da ictimai-siyasi həyatında özünə möhkəm yer tapmışdır. Azərbaycanda ardıcıl və sistemli surətdə həyata keçirilən, beynəlxalq təcrübəyə əsaslanan hüquqi islahatların əsasında da, məhz insan hüquq və azadlıqlarının müdafiəsi dayanır. Bu müddətdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan kompleks tədbirlər qanunun aliliyinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə real hüquqi təminatlar yaratmışdır. Hələ 1995-ci ilin 12 noyabrında Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, məhz həmin prinsipləri özündə ehtiva etməklə, zamanın tələbi ilə səsləşən hüquqi islahatların həyata keçirilməsinə, ümumilikdə, cəmiyyətin demokratikləşməsinə yeni imkanlar yaratmışdır. Əsas Qanunun müddəaları real həyatda öz gücünü dəfələrlə uğurla sınaqdan çıxarmışdır. Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə, ictimai şüurda yeni dəyərlər bərqərar olduqca ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni həyatında baş verən keyfiyyət yenilikləri konstitusiyaya müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurətini meydana çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasına, ilk dəfə, 2002-ci il avqust ayının 24-də keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə bir neçə dəyişikliklər edilmişdir ki, bu da bir daha Əsas Qanunumuzun nə qədər mükəmməl şəkildə hazırlanmasını və cəmiyyətin bütün sahələrinin inkişaf mərhələlərini özündə ehtiva etməsini təsdiq edir. Odur ki, qanunvericiliyin cəmiyyətin inkişaf ahənginə uyğunlaşdırılması ictimai münasibətlərin tənzimlənməsində daha çevik, daha işlək hüquqi mexanizmlərin formalaşdırılması demokratik və hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən sayılır.
Referendum sosial sifarişin tələbidir
Bütün sahələrdə islahatlar aparıldığı kimi, konstitusiyanın dəyişdirilməsinə də, zaman keçdikcə, ehtiyac duyulur. Təsadüfi deyil ki, 24 avqust 2002-ci ildə keçirilmiş referendum zamanı konstitusiyada bir sıra dəyişikliklər edilmişdir. Təklif olunan prinsipial dəyişikliklər nəticəsində proporsional seçki sistemi ləğv edilmiş, müstəsna hallarda prezident səlahiyyətlərinin Baş nazirə keçməsi təmin olunmuş, eləcə də, prezident seçkilərinin nəticələrinin səs çoxluğu - "50+1" prinsipi ilə hesablanması qərara alınmış, Respublika Prokurorluğunun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması təsdiqlənmiş, hər bir vətəndaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmişdir.
Lakin 2002-ci ildə həyata keçirilmiş konstitusiya islahatından, ötən 7 il müddətində, Azərbaycan daha böyük inkişaf yolu keçmiş, sosial-iqtisadi, o cümlədən, demokratiya sahəsində böyük uğurlar əldə etmişdir. Bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi üzrə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini - referendumu tamamilə təbii, qanunauyğun və məntiqi proses kimi qarşılamaq, buna, məhz sosial sifarişin tələbi kimi yanaşmaq lazımdır.
Ən başlıcası isə, Azərbaycan cəmiyyəti, belə bir reallığın fərqindədir ki, konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin hər biri mahiyyət etibarilə ölkəmizdə insan və vətəndaş hüquq azadlıqlarına təminatı gücləndirməyə xidmət etməklə, Azərbaycanın çoxşaxəli inkişafından irəli gələn sosial tələbatdır. Bu əlavə və dəyişikliklər, eyni zamanda, respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yoluna, liberal dəyərlərə sadiqliyini əyani şəkildə təcəssüm etdirir. Hər bir vətəndaşın maraq və mənafeyinə xidmət edən konstitusiya islahatı, bu mənada Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanaraq dəstəklənir. Eyni zamanda, konstitusiyaya edilən əlavə və dəyişikliklərin mahiyyəti də tamamilə demokratik normalara əsaslanır.
Referendum Azərbaycan üçün demokratiya yolunda yeni bir mərhələ olacaq
Nəhayət, respublikamızın sosial-iqtisadi sahədə ildən-ilə daha böyük uğurlar qazanması, beynəlxalq layihələrin gerçəkləşdirilməsində əsas söz sahibi kimi çıxış etməsi, regionda lider dövlətə çevrilməsi, insanların maddi rifah halında özünü göstərən kardinal dəyişikliklər Azərbaycanda demokratik inkişaf kursunun əbədi və dönməz olmasına ən başlıca təminatdır.
Respublikamızda aparılan hüquqi islahatlarda insan hüquqları həmişə öncül sıralarda olub və müstəqillik dövründə ilk konstitusiyamızın qəbul edilməsindən keçən illər ərzində də cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli demokratik islahatlar aparılmış, o cümlədən, ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, insan haqlarının daha etibarlı qorunması üçün yeni üçpilləli məhkəmə hakimiyyəti yaradılmış, beynəlxalq standartlara uyğun qanunlar və məcəllələr qəbul edilmişdir. Aparılmış demokratik islahatların məntiqi nəticəsi olaraq, ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş, insan hüquqları ilə bağlı əsas beynəlxalq konvensiyalara qoşulmuş, bu sahədə üzərinə mühüm öhdəliklər götürmüşdür. Təsadüfi deyil ki, konstitusiyaya edilən əlavə və dəyişikliklərin mühüm bir qismi də, məhz Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq, yeritdiyi sosial yönümlü siyasətin daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət edir.
Beləliklə, bu qeyd edilənləri nəzərə alaraq, Azərbaycanda dövlətçiliyin daha da möhkəmləndirilməsi, siyasi kursun saxlanması naminə sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanın dövlətçilik tarixi üçün mütərəqqi əhəmiyyət kəsb etməklə yanaşı, referendumu Azərbaycan üçün demokratiya yolunda yeni bir mərhələ olacaq.
R.HÜSEYNOVA