PDF Oxu

Siyasət

  • 11

Azərbaycan seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb

Azərbaycan seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb

Əli Həsənov: "25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə, bilavasitə, məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb"

Azərbaycan növbəti referendum ərəfəsindədir. İyul ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 sentyabr tarixinə təyin olunmuş referenduma bir aydan az vaxt qalır. Prezident İlham Əliyev özünün konstitusion hüququndan istifadə edərək, konstitusiyada dəyişikliklər edilməsi üçün təkliflərini verib. Bu təkliflər isə artıq çap edilib və seçicilər həmin təkliflərlə tanış olublar.

Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək, Azərbaycanda artıq bütün aidiyyatı qurumlar referendumun yüksək səviyyədə keçirilməsi üçün hazır vəziyyətə gətirilib. MSK, dairə- seçki komissiyasıları budəfəki referendumun da Seçki Məcəlləsində, konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycanda daim təkmilləşən və dünya təcrübəsini özündə əks etdirən seçki qanunvericiliyi də formalaşıb. Amma ən önəmlisi odur ki, seçkinin müvəffəqiyyətlə keçirilməsi üçün ölkədə siyasi sabitlik mövcuddur. Həmçinin, Prezident İlham Əliyev yüksək nüfuza malikdir, seçicilər arasında ruh yüksəkliyi hökm sürür. Prezident İlham Əliyev daim tapşırıq verir ki, seçkilər qanunun hər bir müddəasına ciddi riayət edilməklə keçirilməlidir. Seçkilərin keçirilməsi üçün vacib olan şərtlərdən biri də seçki komissiyalarının şəraitinin yaxşılaşdırılmasıdır. Eyni zamanda, azad və ədalətli seçkilərin keçirilməsi üçün dövlətimizin başçısı ciddi mövqe, konkret siyasi iradə nümayiş etdirir, seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərir. Elə bunun nəticəsidir ki, dairə-məntəqə seçki komissiyaları üçün ayrıca binalar inşa edilib, lazımi şərait yaradılıb. Seçkilərin yüksək demokratik prinsiplər əsasında keçirilməsində veb-kameraların quraşdırılması da yüksək əhəmiyyət kəsb edir. 2008-ci ildə seçki məntəqələrində 500 kamera quraşdırılmışdısa, bu gün 1000 kamera qoyulub. Bu da seçki məntəqələrinin 20 faizini əhatə edir.

Bunlarla yanaşı, sentyabrın 3-dən başlanacaq təşviqat kampaniyası üçün 128 açıq və qapalı yer müəyyənləşdirilib və onların siyahısı mətbuatda dərc olunub. Təşviqatın aparılması ilə bağlı lövhələrin də yerləri müəyyənləşdirilib.

Bütün bunlarla bərabər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, keçirilən tədbirlər dairə və məntəqə-seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır. Bu baxımdan, DSK sədrləri, eyni zamanda, dairə-seçki komissiyasında aşağı komissiyanın üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kursların keçirilməsi də xüsusi əhəmiyyətə malikdir. Məhz bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən keçirilir. Kurslarda "Seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", "Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri" və "Seçici siyahıları ilə iş qaydası" mövzularında seminarlar təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu barədə bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində konstitusiya, zamanı gəldikdə, dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında aparılan islahatların nəticəsidir: "25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə, bilavasitə, məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb".

Bir sözlə, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində bərqərar olunmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hərtərəfli şərait yaradır. Azərbaycanda seçki praktikası ildən-ilə daha da təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza formalaşdırılır.

Görülən işlərin məntiqi nəticəsidir ki, seçki prosesinin keçirilməsi səviyyəsi 10-15 il bundan əvvəlki dövrə nisbətən müqayisəyəgəlməz dərəcədə yüksəlib. Artıq heç kim Azərbaycanda keçirilən seçkilərə, ümumxalq səsverməsinə, onun təşkilinə və seçicilərin burada iştirakına irad tuta bilmir. Bu, MSK-nın, ümumiyyətlə, ölkədə seçkinin təşkili ilə məşğul olan hər bir insanın, vəzifəli şəxsin öz işinə məsuliyyətlə yanaşmasının, o cümlədən seçicilərin maarifləndirilməsinin, seçki mədəniyyətinin yüksəldilməsinin nəticəsidir. Bu mənada, qarşıdakı referendumun da yüksək səviyyədə keçiriləcəyi heç kəsdə şübhə doğurmur.

Ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb və aparılan hazırlıq işləri, deməyə əsas verir ki, seçkilər yüksək səviyyədə keçiriləcək. Qanunvericiliyə əsasən, seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər