Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının inzibati binasında "Yeni Azərbaycan" Təşviqat Qrupunun Oğuz rayon şöbəsinin növbəti yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov fəaliyyət proqramına uyğun olaraq, qarşıda duran vəzifələr haqqında danışıb. Bildirilib ki, referendumla əlaqədar rayon təşkilatının aparatında qərargah yaradılıb.
Yığıncaqda 26 sentyabr tarixdə keçiriləcək ümumxalq səsverməsi - referenduma hazırlığın vəziyyəti, görülmüş işlər, qarşıda duran vəzifələr və digər məsələlər geniş şəkildə müzakirə olunub. Həmçinin, qərargahda fəaliyyət göstərəcək üzvlər və təşviqat kampaniyasında iştirak edəcək partiya fəalları, seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb və gənclərdən ibarət mobil qrup yaradılıb.
Daha sonra tədbirdə çıxış edən qərargah üzvləri C.Cumayev, M.Ramazanov, S.Quliyev, İ.Camaləddinov və digərləri görülən işlərlə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər Oğuz rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.
R.HÜSEYNOVA