PDF Oxu

Siyasət

  • 28

Sabunçuda seçicilərlə görüş keçirilib

Sabunçuda seçicilərlə görüş keçirilib

Bu gün Sabunçu rayonunda 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı seçicilərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir: "Xalqın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir".

Millət vəkili çıxışında təklif olunan dəyişiklərdə silahlı qüvvələrlə bağlı məqama da toxunub: "Azərbaycan müharibə şəraitində yaşayır. Biz müharibənin də terrorun da nə olduğunu bilirik. Müasir dövrdə silahlı qüvvələr adı ilə fəaliyyət göstərən terror təşkilatları az deyil. Bu baxımdan biz gələcəyimizi sığortalamalı, ordu quruculuğu ilə bağlı məsələlərə daha çox önəm verməliyik. Bütün bunları nəzərə alaraq seçicilər seçkilərdə daha fəal olub, öz sözünü deməlidir".

Daha sonra çıxış edən millət vəkili Muxtar Babayev bildirib ki, təklif edilən bütün dəyişikliklər gələcəyimizə istiqamətlənib: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Sabunçu rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verəcək".

Millət vəkili Dilarə Cəbrayılova isə qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: "Bunu nəzərə alaraq hər kəs eləcə də Sabunçu rayonunun ümumxalq səsvermədə aktiv olmalıdır".

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva söyləyib ki, Sabunçu rayonu hər zaman ən qabaqcıl rayonlarından olmaqla yanaşı, bütün seçkilərdə öz fəallığı ilə seçilib: "Rayonumuzda 10 mindən çox insan YAP-ın üzvüdür. Amma bugünkü görüşdə təkcə YAP-ın üzvləri deyil, bizi dəstəkləyənlər də iştirak edir. Biz Prezidentimizin ətrafında yumruq kimi birləşmişik. 26 sentyabrda bir daha həmrəy olub Referenduma hə deyəcəyik".

Görüşün davamında çıxış edən seçicilər də ümumxalq səsverməsi - Referendumla bağlı öz müsbət fikirlərini bölüşüblər.

Digər xəbərlər