PDF Oxu

Siyasət

  • 19

Davamlı inkişafdan sürətli tərəqiyyə doğru

Davamlı inkişafdan sürətli tərəqiyyə doğru

SABUNÇU

Dünən Sabunçu rayonunda 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı seçicilərlə görüş keçirilib.

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Sevinc Fətəliyeva çıxış edərək, qeyd edib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə, özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişikliklər zamanın və bu günün tələbidir. Xalqın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan, konstitusiyaya təklif edilən dəyişikliklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir".

Səlahiyyətli nümayəndə, həmçinin, təklif olunan dəyişikliklərdə silahlı qüvvələrlə bağlı məqama da toxunub: "Bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Biz müharibənin də, terrorun da nə olduğunu bilirik. Müasir dövrdə silahlı qüvvələr adı ilə fəaliyyət göstərən terror təşkilatları az deyil. Bu baxımdan, biz gələcəyimizi sığortalamalı, ordu quruculuğu ilə bağlı məsələlərə daha çox önəm verməliyik. Bütün bunları nəzərə alaraq seçicilər seçkilərdə daha fəal olub, öz sözünü deməlidir".

Daha sonra çıxış edən millət vəkili Muxtar Babayev bildirib ki, təklif edilən bütün dəyişikliklər gələcəyimizə istiqamətlənib: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Sabunçu rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verəcək".

"Yeni Azərbaycan" Referendum üzrə Təşviqat Qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Dilarə Cəbrayılova isə görüşdə çıxış edərək, qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: "Bunu nəzərə alaraq hər kəs, eləcə də, Sabunçu rayonunun ümumxalq səsvermədə aktiv olmalıdır".

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva söyləyib ki, Sabunçu rayonu hər zaman ən qabaqcıl rayonlarından olmaqla yanaşı, bütün seçkilərdə öz fəallığı ilə seçilib: "Rayonumuzda 10 mindən çox insan YAP-ın üzvüdür. Amma bugünkü görüşdə təkcə YAP-ın üzvləri deyil, bizi dəstəkləyənlər də iştirak edir. Bu baxımdan, Pərezident İlham Əliyevin konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir. Sizləri Prezidentimizin ətrafında yumruq kimi sıx birləşməklə, 26 sentyabrda "Həmrəy olaq, Hə deyək!" devizinə dəstək olmağa səsləyirəm".

Görüşün davamında çıxış edən seçicilər də ümumxalq səsverməsi - referendumla bağlı öz müsbət fikirlərini bölüşüblər.

HACIQABUL

Dünən Referendumla bağlı "Yeni Azərbaycan" Təşviqat Qrupunun Hacıqabul rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda partiya fəallarının iştirakı ilə geniş tədbir keçirilib.

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədr müavini İbrahim İbrahimov referenduma çıxarılan konstitusiya dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat verib.

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək, bildirib ki, bu gün Azərbaycan özünün inkişaf və tərəqqi dövrünü yaşayır: "Ölkəmiz inkişaf etdikcə, qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Azərbaycan Konstitusiyasında sentyabrın 26-a təyin edilmiş referendumda dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır. Biz istərdik ki, sentyabrın 26-da Azərbaycanda keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun apardığı təşviqat nəticəsində insanlar məntəqələrə gəlsinlər və ümumxalq səsverməsində fəal iştirak etsinlər. Bildiyiniz kimi ölkəmiz qlobal dünyaya inteqrasiya edir. Bu istiqamətdə Azərbaycanda bütün sferalarda gedən inkişafı görür və hiss edirik".

B.Quliyev əlavə edib ki, qanunlara dəyişiklik zərurətdən irəli gəlir: "Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir. Eyni zamanda, referendum idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik yalnız Azərbaycana uğur gətirəcək. Həm də yeni dəyişikliklərlə vitse-prezidentlik institutunun təməli qoyulacaq və bununla da yeni idarəçilik sistemi yaranacaq. Sizləri referendum günü daha fəal olmağa, uğurlu tərəqiyyə səs verməyə çağırıram".

Görüş iştirakçılarından Navahı bələdiyyəsi YAP ilk partiya təşkilatının sədri Hüseyn İsmayılov, Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.

BALAKƏN

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayon qərargahında təbliğat kampaniyasının başlanması ilə əlaqədar əhali ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayon şöbəsinin sədri Azad Balayev açaraq bildirib ki, 1995-ci ilin noyabr ayında qəbul edilmiş konstitusiyamızda 3-cü dəfə dəyişiklik edilir: "2002-ci ilin avqust ayında 22 maddəyə 31 dəyişiklik, 2009-cu ilin martında keçirilən referendumda 29 maddəyə 41 dəyişiklik edilmişdir. Dəyişikliklər hazırlanan zaman qabaqçıl ölkələrin təcrübəsi nəzərdən keçirilmiş, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək üçün yeni əlavələr və dəyişikliklər edilmişdir".

Tədbirdə rayon təhsil işçiləri adından çıxış edən Cavanşir Alqayev referendum aktından qəbul olunması üçün keçirilən təşviqat kampaniyaların seçicilər arasında izahından, hər bir seçici ailəsinə yerli təbliğatçılar vasitəsilə layihənin izah edilməsindən söhbət açıb.

Səhiyyə işçiləri adından çıxış edən həkim Rəisət Tinayeva insanların sağlamlığına yönəlmiş bərabərlik hüququ haqqında 25-ci maddənin yeni əlavəsinin geniş izahını verib.

Qarabağ Əliləri Cəmiyyətinin sədri Sarvan Şibliyev ölkə Prezidentinin həyata keçirdiyi bütün layihələrin xalqımızın və dövlətçiliyimizin mənafeyinə uyğun olduğunu və Qarabağ əlillərinin 26 sentyabrda keçiriləcək səsvermədə "Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək olacağını bildirib.

"Yeni Azərbaycan" Təşviqat Qrupunda gənclər arasında istiqamətləndirici iş aparan Rəvan Əliyev çıxış edərək, təbliğat kampaniyası dövründə gənclərlə keçiriləcək tədbirlərdən və referendum günü ərəfəsində əhalinin seçki məntəqələrinə dəvət edilməsində gənclərin rolundan danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Nəsib Məhəməliyev çıxış edərək, Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söhbət açıb. Referenduma təklif olunan ayrı-ayrı maddələrin tədbir iştirakçılarına geniş izahını verib və seçiciləri referendum günü Azərbaycannın uğurlu inkişafına səs verməyə çağırıb.

QƏBƏLƏ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qrupunun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq bildirib ki, konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması Cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür: "Bu dəyişikliklər ölkəmizə yeni inkişaf tendensiyası gətirəcəkdir. Sizləri 26 sentyabrda keçiriləcək səsvermədə daha fəal olmağa və Azərbaycanımızın uğurlu gələcək tərəqqisinə səs verməyə çağırıram".

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisinin üzvü, Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışıb. Bildirib ki, təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edəcək. Səlahiyyətli nümayəndə, həmçinin, insan hüquq və azadlıqlarının daha effektiv təminatının bərqərar olacağını vurğulayıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev, "Qəbələ" qəzetinin əməkdaşı Qüdrət Səmədov, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində direktor müavini Reyhan Məmmədova, Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova və başqalırı referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.

ZAQATALA

Dünən Zaqatala rayon Dağlı kəndində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun seçicilərlə görüşü keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habir Qurbanov referndum ilə əlaqədar nəzərdə tutulmuş dəyişikliklərlə bağlı geniş məlumat verərək, bildirib ki, nəzərədə tutulmuş hər bir maddə zərurətdən yaranır. Bu maddələr insan hüquq və azadlıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə və s. xidmət edir.

Görüşdə YAP Zaqatala rayon təşkilatı qadınlar şurasının sədri Vəfa Süleymanova, rayon təşkilatının aparat rəhbəri Ramin Həsənov, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov və başqaları çıxış edərək konstitusiyaya əlavə və dəyikşikliklərin edilməsi və ölkəmizilə bağlı çıxış ediblər. Bildiriblər ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir: "YAP isə bu inkişafın önündə gedir, xalqa sədaqətlə xidmət edir. İnanırıq ki, partiyamızın namizədləri də dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və hər bir Dağlı kənd seçicisi 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək, bu dəyişikliklərin hər bir maddəsinə "HƏ!" deyəcəklər".

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər