Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyasına start verilib. SİA-nın xəbərinə görə, bu gün "Yeni Azərbaycan" təşviqat qrupu Yasamal rayonunda tədbir keçirib.Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkilİ İsa Həbibbəyli tədbir iştirakçılarına Referendum aktının əhəmiyyətindən danışıb. O bildirib ki, ölkə inkişaf etdikcə yeni islahatlara ehtiyac yaranır.Azərbaycanın böyük seçki təcrübəsinə malik olduğunu deyən millət vəkili qeyd edib ki, ölkəmizdə 25 il müddətində 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkiləri keçirilib: "Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətinin indiki reallıqlara uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bu dəyişikliklər eyni zamanda insan hüquqlarının qorunmasına xidmət edir. Bu baxımdan düşünürəm ki, hər kəs sentyabrın 26-da seçkilərdə daha fəal olub, öz gələcəyinin inkişafına dəstək olacaq.Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyasına təklif edilən bütün dəyişikliklər dövlətçiliyimizin inkişafı ilə yanaşı, xalqımızın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir: "Artıq Azərbaycan xalqı 90-cı illərdəki kimi deyil, ölkəmizin geniş seçki təcrübəsi var və xalqımız dəfələrlə bu seçkilərdə fəal iştirak etməklə, azad sözünü açıq şəkildə bildirmək imkanına malikdir. Bu baxımdan düşünürəm ki, xalqımız sentyabrın 26-da keçiriləcək seçkilərdə iştirak edib öz sözünün şəffaf, aydın şəkildə bildirəcək".YAP-ın Yasamal rayon təşkilatının sədr müavini Qərib Məmmədov isə çıxışında ümumxalq səsverməsi-Referenduma zərurət olduğunu deyib. Onun sözlərinə görə, ölkədə olan inkişaf, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və digər amillər referenduma ehtiyac yaradır: "Azərbaycanda 5 milyona yaxın insanın səsvermə hüququ var. Təklif edilən dəyişikliklərdən biri seçənlərin seçilmək hüququ qazanmasıdır. Bu çox ədalətli qərardır. Bundan başqa təkliflərlə mülkiyyətlə bağlı xüsusi məqamlar var ki, bunun nəticəsində Azərbaycanda 3 mülkiyyət forması olacaq. Ümumilikdə Konstitusiyaya təklif edilən dəyişiklikləri yüksək qiymətləndirməli və seçkilərdə fəal iştirak edib, səs verməliyik".Yeni Azərbaycan Partiyasının üzvü Rasim Nəbiyev qeyd edib ki, Azərbaycan artıq qüdrətli dövlətə çevrilməklə yanaşı, dünyanın ən böyük layihələrini həyata keçirir: "Artıq ölkəmiz bu layihələrə görə, 7 ölkə ilə müqavilə bağlayıb və hazırda 3 ölkə ilə müqavilə bağlamağa hazırlaşır. Bütün bunlar ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını əsas göstəricisi olmaqla yanaşı, qanunlara dəyişiklik etmək üçün zəmin yaradır. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər iqtisadi idarəçiliyin təkmilləşməsi, təhlükəsizlik sisteminin möhkəmlənməsi və insan hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirir. Ümidvaram ki, seçki günü hər kəs öz seçki hüququndan istifadə edərək Azərbaycanın inkişafı naminə səs verəcək".
sia.az