Bu gün Siyəzən rayonunda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov seçicilərə referendum Aktı haqqında məlumat verib. O deyib ki, Azərbaycan Konstitusiyasına təklif edilən bütün dəyişikliklər dövlətçiliyimizin inkişafı ilə yanaşı, xalqımızın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və digər amillər Referenduma ehtiyac yaradır: "Öz gələcəyimizin inkişafına naminə bütün seçiciləri səs verməyə çağırıram. Əminəm ki, xalqımız bütün seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də fəal iştirak edəcəklər".
Daha sonra çıxış edən "Bələdiyyə" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Tahir Süleymanov qeyd edib ki, təklif olunan əlavə dəyişikliklərin əksəriyyətinin insan hüuquq və azadlıqlarının daha da yaxşı təmin edilməsinə yönəlib: "Xalqımızın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərə əsasən bu hüquqlar daha da yüksək səviyyədə qorunacaq. Bundan əlavə təklif olunan əlavə və dəyişikliklər ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır".
Daha sonra çıxış edən seçicilər 26 sentyabr tarixində keçiriləcək Referendumda aktiv iştirak edəcəklərini qeyd ediblər.
Ağstafa rayonu
Bu gün 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasında keçiriləcək Ağstafa rayonunun Köçəsgər kəndində seçicilərlə "Bələdiyyə" təşviqat qrupunun görüşü keçirilib. Görüşdə millət vəkili Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov, "Bələdiyyə" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Nəsib Hacıyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan 29 maddəyə əlavə və dəyişikliklər barədə məlumat verib.
O bildirib ki, Referendum Aktında yer alan bütün maddələr Azərbaycanın uğurlu gələcəyinə yönəlib: "Təklif olunan dəyişikliklərdə ölkəmizin həm iqtisadi, həm siyasi, həm sosial sahələrinin daha da sürətli inkişaf yolu öz əksini tapıb. Biz öz gələcəyimizi düşnərək Sentyabrın 26-da keçiriləcək seçkilərdə öz azad sözümüzü deməliyik. Bizim uğurlu gələcəyimiz seiz seçicilərin əlindədir".
Sonra çıxış edən millət vəkili Nizami Cəfərov hər bir maddə üzrə ayrı-ayrılıqda görüş iştirakçılarını məlumatlandıraraq qeyd edib ki, Konstitusiya dəyişikliklərin mahiyyətində, özəyində dayanan əsas məqsəd Azərbaycan cəmiyyətində mövcüd olan ictimai-siyasi və iqtisadi sabitliyi qoruyub saxlamaq, dövlətçiliyin təhlükəsizliyini, vətəndaşların hüuquq və azadlıqlarını təmin etmək, ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir.
Görüşün davamında kənd sakinlərindən Şəmistan Yaqubov, Nizami Əliyev, Maksim Hüseynov, Cəfər Əsgərov və başqaları çıxış edərək qarşıdan gələn Referendumda Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklərini bildiriblər.
Gəncə şəhəri
"Bələdiyyə" referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən seçiçilərlə görüş bu gün Gəncədə reallaşıb. Tədbirdə millət vəkilləri, bələdiyyələrin səlahiyyətli nümayəndələri, şəhər ictimaiyyətinin, gənclərin iştirak etdiyi tədbirə ümumilikdə 400 nəfərdən çox seçici toplaşıb.
Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmizdə Azərbaycanın Ali Qanununa dəyişiliklər və əlavələr edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyasının yüksək mütəşəkilliklə aparılır. Onun sözlərinə görə, bu gün qüdrətli ölkəmizin sürətli inkişafı fövqündə 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncədə də möhtəşəm abadlıq-quruculuq işləri həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin edilib, iqtisadi göstəricilər yüksəlib, insanların firavanlığı təmin edilib: "Bu firavanlığın, inkişafın davamlı olması üçün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə atdığı qətiyyətli addımlar hər birimiz tərəfindən rəğbətlə qarşılanır. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Konstitusiyamıza edilən dəyişikliklər və əlavələr də xalqımızın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün gəncəlilər tərəfindən dəstəklənəcək".
Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü Hüseyn Budaqov son illər Azərbaycanın qazandığı görkəmli nailiyyətlər sırasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin mühüm yer tutduğunu, xarici əlaqələr sahəsində uğurlar əldə edildiyini diqqətə çatdırıb. "Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər"-ölkə başçısı cənab İlham Əliyevin bu sözlərini xatırladan Hüseyn Budaqov Konstitusiyamıza edilən əlavə və dəyişikliklərin zəruri olduğunu, xalqımıza daha çox fayda gətirəcəyini vurğulayıb. O, inkişaf və tərəqqiyə daim tərəfdar olan gəncəlilərə referendum günü seçki məntəqələrinə gələrək, yüksək fəallıqla səs verməyi tövsiyə edib.
Təşviqatçılardan Bəxtiyar Məhərrəmov, Elnur Həsənov, Cavid Bağırzadə və başqaları çıxışlarında təklif edilən bütün dəyişikliklərin gələcəyimizə istiqamətləndiyini bildiriblər: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanıb. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Şeyx Nizami yurdunun seçiciləri də bu siyasi kampaniyada fəal olub, daha xoşbəxt və parlaq gələcəyimizə səs verəcəklər".
Seçicilər ümumxalq səsverməsi - Referendumla bağlı öz müsbət fikirlərini ifadə ediblər.