Bu gün "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvlərinin 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Lənkəran rayonunu Nərimanabad, Balıqçılar, Mamusta, Şürük, Səpnəkəran, Yuxarı Nüvədi kəndlərinin seçiciləri ilə görüşü olub. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, seçiciləri salamlayıb. Seçicilərə 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırıb.
Seçicilər qarşısında çıxış edən millət vəkili Cavanşir Paşazadə sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi günün reallığıdır və bu dəyişikliklər xalqımızın rifah halının daha da inkişafına xidmət edəcək.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, deputat Hadı Rəcəbli Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı qeyd edib ki, Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin 18-ə endirilməsi gəncləri çox sevindirir: "Onların seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.
Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir.
Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir".
Tədbirin sonunda seçiciləri maraqlandıran suallara cavablar verilib.