Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Nəsimi rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıbdır: "Təhsilin inkişafı ilə bağlı ölkə başçısının imzaladığı Sərəncam və dövlət proqramlarına əsasən, Nəsimi rayonunda olan orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunubdur. Dövlət Proqramına uyğun olaraq rayonumuzda hal-hazırda 247 saylı tam orta məktəb əsaslı təmir olunur".Rayon rəhbəri bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 28 nəfər, 54 saylı məktəbdən 18 nəfər, 19 saylı orta məktəbdən 16 nəfər, 5 saylı məktəbdən 12 nəfər, 14 saylı orta məktəb və Elitar Gimnaziyadan 10 nəfər 500-dən çox bal topladığını söyləyib.
Tədbirdə çıxış edən Texniki Humanitar Liseyinin direktoru Səidə Zeynalova Nəsimi rayon təhsilinin uğurlarından danışaraq, qəbul imtahanlarında yüksək bal toplayan tələbə adını qazanmış məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
2015-2016-cı tədris ilində 695 bal toplamış məzun Fatimə Abdinli və 690 bal toplamış Aidə Qəhrəmanova təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Həmçinin, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 300-ə yaxın uşağa isə məktəbli forması hədiyyə edilibdir.
Ü.ƏSGƏROV