Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu 26 sentyabr tarixində Azərbaycan Respublikasında keçiriləcək referendumla əlaqədar Nizami rayonunun Keşlə qəsəbəsində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov referenduma çıxarılan Konstitusiyaya əlavələr və dəyişikliklərin əhəmiyyəti barədə məlumat verib. O Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək qeyd edib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir. Bu baxımdan da Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir.
Görüş iştirakçıları ilə Konstitusiya islahatları haqqında fikirlərini bölüşən deputat bildirib ki, dəyişikliklər insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması, eyni zamanda, təhlükəsizlik sisteminin, Silahlı Qüvvələrin möhkəmlənməsi, işğal olunmuş ərazilərin azad olunması baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Bununla bərabər, əlavə və dəyişikliklər seçkilərdə yaş həddi ilə bağlı qadağaları aradan qaldıracaq, yeni, daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq.
Keşləlilər adından çıxış edən qəsəbədəki məscidin axundu Hacı Sirac Səfərov, YAP Nizami rayon təşkilatının Şura üzvü Əkbər Miskinov və başqaları deyiblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin referendum təşəbbüsünü alqışlayır, dəstəyini ifadə edir.
Çıxış edənlər əminliklə bildiriblər ki, onlar Konstitusiyaya təklif olunan dəyişikliklərə səs verəcəklər.
Gəncə şəhəri
Referendum üzrə "Bələdiyyə" təşviqat qrupunun Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən seçiçilərlə silsilə görüşlər davam edir. Millət vəkilləri, partiya fəallarının, bələdiyyənin səlahiyyətli nümayəndələri, şəhər ictimaiyyətinin, gənclərin iştirak etdiyi bu günkü tədbir 3-cü mikrorayonda 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilib. Görüşə 200 nəfərdən çox seçiçi gəlib.
"Bələdiyyə" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Qoşqar Məmmədov giriş sözü ilə çıxış edərək, Azərbaycan Respublikasının Ali Qanununa edilən əlavə və dəyişikliklərin əsas mahiyyəti haqqında məlumat verib. o bildirib ki, referendum Aktında nəzərdə tutulan müddəalar vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir: "Xalqımız Referendum Aktını dəstəkləməklə öz gələcəyini daha da işıqlı edəcək. Sənədddə yer alan məsələlər ölkəmizin gələcək inkişafına istiqamətlənib. Ölkəmizin gələcək inkişafı xalqımızın da inkişafı deməkdir. Bu baxımdan hər kəsi səsverməyə dəvət edirəm".
Sonra Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev çıxış edərək bildirib ki, ölkəmizin genişvüsətli inkişaf və tərəqqisini 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncənin simasında aydın görmək mümkündür: "Doğma şəhərimiz Gəncə həm iqtisadi uğurları, hər sahədə inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, ümumi görkəminin müasirləşməsi, həm də mədəni səviyyəsinin yüksəlişi ilə qürur doğurur. Dünyaya inteqrasiyasiyası, dost ölkələrlə işgüzar əməkdaşlıq və həmrəylik münasibətləri istiqamətində uğurlu addımlar atır. Bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyevin müdrik kursu, Preziden İlham Əliyevin yorulmaz fəaliyyəti, Gəncəyə xüsusi qayğısı dayanır. Əminik ki, referendum günü gəncəlilərin bir daha ölkə başçısı İlham Əliyevə inam və rəğbətinin nümayişi olacaq".
Görüşdə millət vəkilləri Naqif Həmzəyev, Musa Quliyev və Pərvin Kərimzadə çıxış edərək, bildiriblər ki, Dövlət başçısının Konstitutusiyada müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar 26 sentyabrda referendum keçirilməsi təşəbbüsü yüksək hədəflərə yönəlmiş və düşünülmüş müdrik addımdır.
Natiqlər bildiriblər ki, əsas niyyət milli, dövlət maraqlarının qorunması, reallaşması üçün müasir, iqtisadi və siyasi mexanizmin təmin edilməsidir. Ümumiyyətlə, Konsttitutusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır.
Görüşdə Konstitusiyanın 23 maddəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlı ətraflı izahatlar aparılıb və seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Qaradağ rayonu
"Bələdiyyə" təşviqat qrupu Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayon Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan Lökbatan bələdiyyəsinin sədri Namizəd İsmayılov təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verib. O, bu dəyişikliklərin zamanın tələbi olduğunu vurğulayaraq, bütün qəsəbə sakinlərini referendumda fəal olmağa və Konstitusiyaya əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
Daha sonra çıxış edən millət vəkili Aydın Hüseynov deyib ki, Azərbaycan dövləti sürətlə inkişaf edir: "Belə ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb.Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərait meydana çıxıb. Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur".
A.Hüseynov əldə olunan bu nailiyyətlərin və yaranan yeni vəziyyətin Azərbaycan Konstitusiyasına dəyişiklikləri şərtləndirdiyini deyərək təklif olunan hər bir əlavə və dəyişikliyi seçicilərin diqqətinə çatdıraraq, onların əhəmiyyətini vurğulayıb.
O, sonda bir daha seçiciləri referendumda fəallıq göstərməyə və Konstitusiya dəyişikliklərinə səs verməyə çağırıb.
Daha sonra görüşdə çıxış edən qəsəbə ağsaqqalı Zaməddin Həmşəyev və digərləri seçicilərin dəyişikliklərlə bağlı məlumatlı olduqlarını, lökbatanlıların referendum günündə bir nəfər kimi səsvermə məntəqələrinə gələrək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini söyləyiblər.
Goranboy rayonu
Referendum üzrə "Bələdiyyə" təşviqat qrupunun Goranboy rayonu Dəliməmmədli şəhər meydanında seçicilərlə görüşü keçirilib. Görüşdə Dəliməmmədli şəhər bələdiyyəsinin sədri Sübhan İsgəndərov, millət vəkili Mahir Aslanov kənd ziyalıları, gənclər və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dəliməmmədli şəhər bələdiyyəsinin sədri Sübhan İsgəndərov iştirakçıları Sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-Referenduma çıxarılacaq məsələlər haqqında məlumat verib. O bildirib ki, ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişiklər həm ölkəmizin həm də xalqımızın uğurlu gələcəyinə istiqamətlənib: "burada nəzərdə tutulan hər bir müddəa işıqlı gələcəyimizdən xəbər verir. Əgər biz gələcəyimizi düşünürüksə, o zaman səsvermə günü hamılıqla bu layihəyə "hə" deməliyik. Hər kəsi səsverməyə çağırıram".
Daha sonra millət vəkili Mahir Aslanov çıxış edib. O, ölkəmizin beynəlxalq aləmdə artan imicindən söz açaraq söyləyib ki, məhz bu inkişafın nəticəsidir ki, ölkəmizdə Referendum keçirilir: "Referendum zərurətdən irəli gələn seçkidir. Beynəlxalq aləmə uyğunlaşıb, ölkəmizin daha da inkişaf etdiyini görmək istəyiriksə, o zaman Konstitusiyaya təklif olunan əlavə və dəyişiklərlə hə deməliyik. Mən bütün seçiciləri o cümlədən də goranboyluları səsvermə günü fəal olub, Referendum Aktını dəstəkləməyə dəvət edib".
Görüş iştirakçılarından Məzahir Zeynalov, Nazim Məmmədov, Nizami Abdullayev və digərləri çıxış edərək Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hamılıqla səs verəcəklərini qeyd ediblər.