PDF Oxu

Siyasət

  • 24

Mətbuat Şurasında KİV təmsilçilərinin

Mətbuat Şurasında KİV təmsilçilərinin

İranın Azərbaycandakı səfiri ilə görüşü keçirilib

Dünən Azərbaycan Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohsin Pakayinin görüşü keçirilib.

Toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov öncə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib: "Şura Azərbaycanın aparıcı media qurumlarını öz sıralarında birləşdirir. Qurumun əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu tənzimləmədə jurnalistika peşəsinə sədaqət təbliğ olunur, eyni zamanda, medianın Azərbaycanın milli maraqlarının qorunması istiqamətindəki mütəşəkkil mövqeyinə diqqət yetirilir. "Azərbaycanın İran İslam Respublikası ilə qarşılıqlı münasibətləri də ölkəmizin milli mənafe və maraqlarından qaynaqlanan vacib məsələdir. XX əsrin əvvəllərində Azərbaycan istiqlalına qovuşarkən, müstəqilliyimizi ilk tanıyan ölkələrdən biri məhz İran olub. İran əsrin sonlarına doğru əldə etdiyimiz müstəqilliyi də ilk tanıyan dövlətlərdəndir. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra iki ölkə arasındakı münasibətlər intensiv məcraya qədəm qoydu. Cənab İlham Əliyevin prezidentliyi dönəmində qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir".

Ə.Amaşov bildirib ki, İran və Azərbaycan mediası arasındakı əməkdaşlıq səfir cənab Pakayinin dövründə özünün ən yüksək pilləsinə çatıb. Buna görə də MŞ cənab səfiri şuranın fəxri diplomu ilə təltif etmək qərarına gəlib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu M.Pakayinə təqdim edib.

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.Pakayin çıxışında təşəkkürünü bildirərək, Azərbaycanın KİV təmsilçiləri ilə görüşün vacibliyindən söz açıb. KİV-lərin qlobal miqyasdakı missiyasından danışan səfir bildirib ki, dünyada "yumşaq güc" kimi qəbul edilən media siyasi diplomatiya ilə yanaşı, fəaliyyət göstərən ümumi diplomatiyanın ən güclü silahıdır. Bu gücün sülhün bərqərar olunması üçün istifadəsi son dərəcə önəmlidir.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu "yumşaq güc" kimi qəbul edilən medianın imperiyalar qurmasının və təəssüf ki, milli dövlətləri də sıradan çıxarmasının bariz tendensiyaya çevrildiyini deyib. Azərbaycan və İran mediasının bu meyilə qarşı mübarizə ovqatına kökləndiyini qeyd edən deputat hər iki ölkə KİV-lərinin milli maraq və mənafeləri rəhbər tutaraq, fəaliyyət göstərməsinin önəmindən söz açıb. O, Azərbaycan-İran əməkdaşlığı timsalında regional inkişafın yeni mərhələyə qədəm qoyduğunu bildirib və medianın da buna uyğun fəaliyyət göstərməsinin zəruriliyini əsaslandırıb.

"Assa irada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, MŞ İdarə Heyətinin üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mənəvi məqamlardan söz açaraq, media sahəsindəki əməkdaşlığın əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirməyə, ortaq problemlərə vahid prizmadan yanaşmağa mühüm töhfə olduğunu vurğulayıblar.

NƏZAKƏT

Digər xəbərlər