Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitə sədri qonaqlara Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verərək, bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar və müstəqil formada dini ibadətlərini həyata keçirirlər. O bildirib ki, konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir. Yəhudilərin Azərbaycanda 2500 ildir ki məskunlaşdığını, öz adət-ənənələrini qoruyub-saxladıqlarını deyən M.Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini xüsusi olaraq qeyd edib.
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfər proqramlarının geniş olduğunu, çoxsaylı görüş və tədbirlər keçirdiklərini bildirərək, bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu vurğulayıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.
Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterə və qonaqlara Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edib.
A.SƏMƏDOVA