Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində 7-ci mikrorayon seçiciləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 26 sentyabr 2016-cı ildə Azərbaycan respublikasında keçiriləcək Referendum haqqında məlumat verərək, ümumxalq səsverməsinə çıxarılacaq konstitusiyamıza əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verdi. Rayon təşkilatı sədri referendumla bağlı təbliğat işlərinin lazımi səviyyədə qurulduğunu diqqətə çatdırdı. R.Göyüşov "Yeni Azərbaycan" Təşviqat Qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə start götürən referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını bildirdi.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycanın bütün sahələrdə-siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə böyük inkişaf yolu keçdiyini bildirdi: "Konstitusiyaya təklif edilən dəyişiklikləri Azərbaycan cəmiyyətinin müasir reallıqlarına uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bu əlavə və dəyişikliklər, eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir". E.İbrahimov referendumun keçirilməsini günün və zamanın tələbi olduğunu diqqətə çatdırdı. Bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirən millət vəkili hər bir vətəndaşı sentyabrın 26-da seçkilərdə daha fəal olmağa, öz gələcəyinin inkişafına dəstək olmağa çağırdı.
Milli Məclisin deputatı Kamaləddin Qafarov ölkədəki ictimai-siyasi proseslərə toxunaraq, qeyd etdi ki, bu gün Azərbaycanın inkişafı ictimai həyatın bütün sahələrində hiss olunur, ölkənin müstəqilliyi Prezident İlham Əliyev tərəfindən daha da möhkəmlənir: "Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir. Belə bir dövrdə konstitusiyaya edilən əlavə və dəyişikliklər zəruridir. Referendum Aktı idarəçilikdə yeni islahatlara təkan verəcək, Azərbaycana daha da uğur gətirəcək. Yeni dəyişikliklər vitse-prezidentlik institutunun təməlini qoyacaq, bununla da yeni idarəçilik sistemi yaradılacaq". O, seçicilərə referendum günü daha fəal olmağı tövsiyə etdi.
Görüşdə iştirak edən seçicilər, birmənalı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəkləyəcəklərini və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda iştirak edərək, konstitusiyada ediləcək dəyişiklik və əlavələrə səs verəcəklərini bildirdilər.
ZÜMRÜD BAYRAMOVA